“Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin qalibləri mükafatlandırılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on ikinci tirajının qalibləri müəyyənləşib. 2019-cu il iyulun 1-dən 2020-ci ilin yanvarın 1-dək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram’’ın icrasının uğurla davam etdirildiyini bildirib.

Vurğulanıb ki, nağdsız dövriyyənin artırılması məqsədilə aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini verib. Belə ki, təkcə 2019-cu ilin birinci yarımilində  398 şəxsə 25 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Ümumilikdə 2014-cü ildən başlayaraq keçirilən 11 tirajda 2577 vətəndaş 165 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələrin sahibi olub. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 12-ci tirajında 412 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim ediləcək.

Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Orxan Abdullayev qeyd edib ki, nağdsız ödənişlərə marağın gündən-günə artması statistik rəqəmlərdə də müşahidə olunur. 2019-cu ilin yanvar-dekabr aylarında POS- terminal  və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 45 milyon 550 min 608 manat təşkil edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 10 milyon 457 min 258 manat artım qeydə alınıb. Nağdsız ödənişlərin 14 milyon 717 min 545 manatı POS-terminallar vasitəsilə, 30 milyon 833 min 63 manatı isə internet və digər ödəniş vasitələri üzərindən icra edilib.

Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, oxşar tədbirlər Naxçıvan şəhəri ilə yanaşı Şərur, Babək, Culfa, Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayonlarında da keçirilib. Bütün qaliblərə mükafatlar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: