Bu gün dünyada o ölkələr inkişaf etmiş hesab olunur ki, həmin ölkələrin iqtisadiyyatının əsas dayağı olan sahibkarlığın inkişafı dəstəklənir və özəl sektorun payı artan dinamika ilə müşahidə olunur. Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün ölkəmizdə uğurla davam etdirilməsi nəticəsində çoxşaxəli iqtisadiyyat formalaşıb və nəticədə yeni dövrün tələblərinə uyğun dayanıqlı iqtisadi sistemə , davamlı inkişafa nail olunub.
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda 2004-cü ildə qəbul edilən ilk dövlət proqramını tarixi hadisə adlandırdı.
Ölkə başçısı həmin konfransda qəbul edilən proqramların ölkənin hərtərəfli inkişafındakı əhəmiyyətini vurğulayaraq bildirib: "Deyə bilərəm ki, 2003-cü ildən bugünə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır... Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir”.
Bəli, bu gün ölkəmizin əsas ayrılmaz hissəsi olan muxtar respublikamızda da son illər ərzində iqtisadiyyatın bütün istiqamətləri üzrə yüksək inkişaf tempinə nail olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təkcə 2019-cu il ərzində imzaladığı müvafiq Fərman və Sərəncamlara əsasən muxtar respublikaya 77 milyon manatdan artıq vəsaitin ayrılması regionun inkişaf dinamikasına daha bir töhfə kimi qiymətləndirilməlidir.
Həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada makroiqtisadi göstəricilərin dinamik inkişafını təmin edib. Bunun nəticəsidir ki, 2018-ci illə müqayisədə ümumi daxili məhsulun həcmi 1,5 faiz artaraq 2019-cu ildə 2 milyard 839 milyon manatdan çox, istehsalın payı isə 58,9 faiz olub.
İqtisadiyyatın əsas istiqamətlərindən olan sənaye bu gün muxtar respublikada prioritet sahə kimi seçilərək davamlı olaraq artmaqdadır. Bunun nəticəsidir ki, 2019-cu ildə 1 milyard 15 milyon manata yaxın sənaye məhsulu istehsal edilibdir. Bu göstərici 2018-ci illə müqayisədə 1,4 faiz çoxdur. Sənayedə istehsalın həcminin artması nəticəsində ötən ildə 323 milyon 309 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.
Yerli istehsalın inkişaf strategiyasına uyğun olaraq, muxtar respublikada 383 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli yerli məhsullarla ödənilməsinə şərait yaradıb.
Sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları, plastmas kapsul və qapaq, soyuducu anbar, istixana, heyvandarlıq, əkinçilik, quşçuluq, arıçılıq, olmaqla 84 istehsal və xidmət sahəsi istifadəyə verilib, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı artaraq 88,6 faiz təşkil edib.
Muxtar respublika iqtisadiyyatında əsas pay sahibi olan kənd təsərrüfatının inkişafı hər zaman diqqətdə saxlanılır. Yüksək keyfiyyətli toxum istehsalının təşkili, müasir əkin və suvarma üsullarının tətbiqi, heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafının stimullaşdırılması istehsal edilən məhsulun həcmini və keyfiyyətini artırıb, ixracına stimul yaradıb, əhalinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilib və ərzaq təhlükəsizliyi təmin edilib. Bu gün dünyanın əksər ölkələrində istehsal olunan kənd təsərrüfatı məhsullarında bir çox təhlükələrin olmasına baxmayaraq, muxtar respublikada istehsal olunan məhsullar həm keyfiyyətli, həm də ekoloji baxımdan saf məhsullardır.
Kənd təsərrüfatının inkişafı ilə bağlı ardıcıl tədbirlərin görülməsi və bu sahəyə dövlət dəstəyi mühüm nailiyyətlərin əldə edilməsinə yeni imkanlar açır. Elə statistik rəqəmlərə nəzər salsaq görürük ki, 2019-cu ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci illə müqayisədə 4,5 faiz artaraq 507 milyon 641 min manatdan çox olub. Nəticədə muxtar respublikada kənd təsərrüfatı və ərzaq məhsulları üzrə təminatın səviyyəsi yüksəlibdir. Ötən il taxıl istehsalı 102 min 984 tona, kartof istehsalı 50 min 92 tona, meyvə və giləmeyvə istehsalı 52 min 22 tona, tərəvəz məhsulları istehsalı 86 min 745 tona, bostan məhsulları istehsalı 38 min 851 tona çatdırılıb. Tütünçülüyün şöhrətinin özünə qaytarılması üçün mühüm addımlar atılıb, ümumilikdə 50,5 hektar sahədə tütün əkini aparılıb, 2018-ci ilə nisbətən əkin sahəsi 22 faizə yaxın artırılıbdır.Son illər ərzində rayon və kəndlərdə bağçılıq, heyvandarlıq, quşçuluq təsərrüfatlarının yaradılması eləcə də kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin genişləndirilməsi yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin edibdir. Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2019-cu ildə muxtar respublikadan 102 milyon 230 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunubdur.
Qeyd olunmalı əsas məsələlərdən bir də Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunmasıdır. Sonrakı mərhələdə ailə təsərrüfatı ilə məşğul olan şəxslərə maddi dəstək göstərilməsi, həmçinin onların potensialından səmərəli istifadə olunması məqsədilə Ailə Təsərrüfatları İctimai Birliyi təsis edilməsi ilə ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektinə çevrilməsinə zəmin yaradılıb. Təkcə 2019-cu ildə muxtar respublikada 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb, 87 ailə təsərrüfatına 820 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilib, 315 ailə təsərrüfatı 12 min 800 tara ilə təmin olunub, “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilibdir.
Əgər biz bu gün kənd təsərrüfatının inkişafından danışırıqsa bu sahə ilə məşğul olan fermerlərin, torpaq mülkiyyəçilərinin müasir texnika və texnoloji avadanlıqlarla təchiz olunmasını da unutmamalıyıq. Təkcə 2019-cu il ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə Naxçıvana 364 ədəd müxtəlif adda texnika gətirilib, məhsul istehsalçılarına 7 min 174 ton mineral gübrə verilibdir.
Kənd yerlərində torpaqların suvarma və meliorasiya təminatının yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində 2019-cu ildə 45550 pm kollektor-drenaj şəbəkəsinin, 5700 pm suvarma kanallarının tikintisi, bərpası və yenidən qurulması həyata keçirilib, 5 subartezian quyusu qazılıb, torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri görülüb.
Sahibkarlığın inkişafının ən mühüm faktorlarından biri də maliyələşmə mexanizminin tənzimlənməsidir. Naxçıvan Muxtar Respublikasında özəl bölmənin inkişaf etdirilməsi üçün yaradılan münbit şəraitin nəticəsidir ki, təkcə ötən il ərzində muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 29 milyon 16 min 300 manat kreditin verilməsi və bu məbləğin 10 milyon 715 min 730 manatının Sahibkarlığın İnkişafı Fondunun payına düşməsi dediklərimizi bir daha təsdiq edir.
Yerli sahibikarlığın bu cür dəstəklənməsi istehsal həcminin və məhsul çeşidinin artması ilə nəticələnir. Bu isə muxtar respublikanın ixrac potensialını daha da gücləndirir. Elə götürək ötən ilin nəticələrini. Muxtar respublikanın 2019-cu ildəki xarici ticarət dövriyyəsinin həcmi 497 milyon 68 min 600 ABŞ dollarına çatıbdır ki, bunun da 85,6 faizi ixracın, 14,4 faizi isə idxalın payına düşübdür. Xarici ticarətdə 354 milyon ABŞ dollarından çox həcmdə müsbət saldo yaranıb, 50-dən çox ölkə ilə ticarət əlaqələri aparılıbdır.
Bu gün hər bir sahibkar təkcə yerli bazarlara deyil, xarici bazarlara da məhsulunu çıxarmaq üçün bütün imkanlardan yararlanır. Sahibkarların investisiya imkanlarının təşviqi və yeni bazarlara çıxış imkanlarının artırılması məqsədilə 2019-cu il ərzində ölkə daxilində və xaricdə kеçirilən 33 beynəlxalq tədbirdə 122 sahibkarın iştirakı təmin edilib, 6 beynəlxalq sərgidə 81 çeşiddə məhsulun nümayişi təşkil edilibdir. Ötən dövr ərzində 58 milyon 34 min manat dəyərində 10 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədinin verilməsi, 11 halda ixrac əməliyyatı üzrə 10 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini veribdir.
Naxçıvan məhsullarının ölkənin eləcə də dünyanın bir çox ölkələrinə ixrac olunması onun gələcəkdə dünya bazarlarında layiqli yer qazanmasının əsas şərtlərindəndir. Nəzərə alsaq ki, bu gün Naxçıvan məhsulları həm keyfiyyəti, həm rəqabətədavamlılığı, həm də ixracyönümlülüyü ilə seçilir onda dediklərimiz öz təsdiqini tapır. İstehsalını bu gün ixrac üzərində quran bir çox istehsal müəssisələri, yaradılmış imkanlardan yararlanaraq xarici ticarət əlaqələrinin genişlənməsinə daha çox maraq göstərirlər. Artıq ötən ildən başlayaraq Türkiyədə fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evinin açılması, Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılığın əldə olunması, yerli sahibkarların ixrac imkanlarının əhatə dairəsini daha da genişləndirib. Ötən illər ərzində muxtar respublikadan Türkiyə, Gürcüstan, Rusiya, İran, İraq, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Qırğızıstan, İspaniya, Belarus, Litva, Əfqanıstan və digər ölkələrə mineral sular, daş məhsulları, vafli və peçenelər, plastik borular və digər tikinti ləvazimatları, tütün məmulatları, ziynət əşyaları, alüminium külçələr, meyvə-tərəvəz məhsulları ixrac olunub. Sevindirici haldır ki, muxtar respublikanın ixracında ənənəvi məhsullarımızla yanaşı yeni məhsullar (siqaret məmulatları, plastik tikinti materialları, zinyət əşyaları, üzüm), həm də yeni ixrac istiqamətləri (ABŞ, İspaniya, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Əfqanıstan kimi ölkələr) qeydə alınıb.
"2020-ci il muxtar respublikamızda "İxrac ili" olduğu üçün çalışıb ona nail olmalıyıq ki, sahibkarlıq müəssisələrinin fəaliyyəti daha da genişlənsin, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın, istehsalın və ixracın həcmi artsın” - deyən Ali Məclisinin Sədri fevralın 6-da Naxçıvan Biznes Mərkəzində naxçıvanlı sahibkarlarla görüşündə bu fikirləri bir daha xatırlatdı. Ənənəvi olaraq hər il sahibkarlarla görüşən Ali Məclisinin Sədri bu görüşlər zamanı verdiyi konkret tapşırıqlar iqtisadiyyatın dayanıqlı inkişafı üçün yeni imkanlar açır.
Bütün bunların davamı olaraq Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında imzalanan Sərəncam, özəl sektorun ixrac imkanlarının artırılması baxımından yüksək qiymətləndirilməlidir. Bu faktorları nəzərə alaraq o qənaətə gəlmək olar ki, 2020-ci ildə əsas məqsəd daha çox məhsul istehsal etməklə, yeni iş yerləri yaratmaqla, sahibkarlıq subyektlərinin ixrac imkanları artırılsın, ailə təsərrüfatlarını genişləndirməklə ixracyönümlü məhsullar istehsal olunsun. Bunun üçün muxtar respublikada hər cür imkan və şərait var. Qalır təşəbbüs göstərmək, fəaliyyəti genişləndirmək, ölkəmizin ümumi inkişafına töhfə vermək. Bu isə son nəticədə muxtar respublikada yeni dövrün tələblərinə uyğun dayanıqlı iqtisadi inkişafın təmin edilməsi deməkdir.
Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.
Ramal Məmişov