Özünüməşğulluq siyasəti insanların daha yaxşı yaşamasına hesablanıb

A- A A+

Ölkə vətəndaşlarının daha yaxşı yaşaması istiqamətində çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu sahədə atılan addımlar yurdumun insanının daha təminatlı gələcəyinin təmin edilməsinə hesablanıb. Vətənimizin  iqtisadi qüdrəti artdıqca pensiyaçıların, əlillərin sosial müdafiəsi gücləndirilir. Ötən il ölkə  Prezidenti İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atması da bunu sübut edir. Belə ki, 2019-ci il martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının artırılaraq 180 manat müəyyən edilməsi, minimum pensiyaların  116 manatdan 160 manata qədər qaldırılması birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edib. Bundan muxtar respublikada, ümumilikdə, 11 min 330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçı yararlanıb. Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xüsusi yer tutub. Bu il fevral ayının 6-da  ölkə başçısı İlham Əliyevin   imzaladığı Sərəncamla pensiyaların 16,6 faiz artırılması xəbəri isə  bir daha sübut etdi ki, bu sahədə inqilabi addımlar davam edir. Muxtar respublikada   bu uğurlu sosial islahatlar isə 48 min  500  nəfərə şamil olunacaq.  

Cəmiyyətin həssas qrupu olan aztəminatlı ailələrin  sosial müdafiəsinin gücləndirilməsində  özünüməşğulluq  istiqamətində həyata keçirilən tədbirlər  mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın  icrası  bu qəbildən olan insanların həyatına işıq saçdı desək yəqin ki, yanılmarıq. Belə ailələrdən biri- Sirab kənd sakini Səfəralı Bayramov deyir ki,  qızım Nuridə ailə başçısını itirdiyinə görə ona iki il ünvanlı sosial yardım veriblər. İki il bundan əvvəl müraciətimizə əsasən bir yanıbalalı inək verdilər.  Artıq  tövlədə 3 inək və 1 baş  buzov  bəsləyirik. Hər gün də inəkdən 10 litr süd sağıb satırıq. Bu da ay ərzində 300 manat pul edir. Artıq qaramallar mülkiyyətimizə keçib. Gələcəkdə onların sayını artırmaq və maldarlıq təsərrüfatı yaratmaq fikrindəyik.

Özünüməşğulluq proqramına əsasən  əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi  üçün tədbirlər həyata keçirilir. Həmçinin özünüməşğulluq  proqramı sosial ədalət prinsipinin  qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bəs bu proqram əsasən kimlərə şamil olunur? Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı  Səadət  Seyidova  bildirir ki, sosial cəhətdən həssas hesab olunan əhali qrupunun sağlamlıq imkanları məhdud şəxslər, müharibə veteranları, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin, cəzaçəkmədən azad olunanların cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır..

Qeyd edək ki, Proqramın məqsədi digər tərəfdən  aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımından asılılığının aradan qaldırılması, fərdi ailə təsərrüfatlarının yaradılması, məşğulluq imkanlarının artırılması və sahibkarlığa çıxış imkanlarının genişləndirilməsi üçün müraciət edən ailələrə köməklik göstərilməsidir. Səadət Seyidova deyir ki, ötən il bu istiqamətdə   muxtar respublika üzrə ümumilikdə, 140 ailə müəyyənləşdirilib. Həmin ailələrdən 96 ailəyə yanında balası olan iribuynuzlu, 18 ailəyə 10 baş olmaqla, yanıbalalı xırdabuynuzlu mal-qara verilib.  Bundan başqa 9 ailə mini yerşumlayan aqreqat, 1 ailə odunkəsən avadanlığı, 2 ailə yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması üçün avadanlıqlar, 2 ailə pinəçi ləvazimatları, 1 ailə 10 yeşik arı ailəsi ilə təmin olunub. Həmçinin 1 ailəyə musiqi avadanlığı, 2 ailəyə dərzi avadanlıqları, 2 ailəyə dülgər avadanlıqları, 1  ailəyə inkubator aparatları, 1 ailəyə bərbər-manikürçü avadanlıqları, 1 ailəyə şirniyyat hazırlanması üçün ləvazimatlar, 1 ailəyə tənəkəçi-rəngsaz alətləri, 1 ailəyə fotoaparat və printer, 1 ailəyə isə otbiçən avadanlığı verilib. Ötən ilki göstəricilərdən 30 nəfər çox olmuş bu göstərici aztəminatlı ailələrin  ünvanlı sosial yardımdan asılılığının azaldılmasına  hesablanıb.

Qeyd edək ki, 2019-cu il ərzində  77 ailəyə müqavilə əsasında istifadəyə verilən aktivlərin müddəti bitdiyinə görə onların mülkiyyətinə keçirilib. Proqrama cəlb olunan vətəndaşlara verilən aktivlərdə və təsərrüfatlarda artım müşahidə olunması da onların sosial rifah halının yaxşılaşdırılmasına, məşğulluqlarının təmin olunmasına və şəxsi sahibkarlıqlarını inkişaf etdirmələrinə köməklik göstərir.  Bütün bunlar isə əhalinin  yaxşı dolanışığına, firavan gələcəyinə hesablanıb.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: