“Xıdır Nəbi” bayramı və onun keçirilmə vaxtı - FOTOLAR
Xalqımız tarixən boz ayda olan dörd çərşənbəni müqəddəs sayıb və təbiətin dəyişilməsində dörd ünsür – su, torpaq, yel və od mühüm rol oynayıbdır. Tədqiqatçılar dörd çərşənbənin ilk üçünün “doğru üskü”, sonuncunun isə “ilin axır çərşənbəsi” olduğunu qeyd edirlər.
Kiçik çillənin girdiyi gündən Novruza qədər yeddi çərşənbə olur. İlk çərşənbə 31 yanvara təsadüf edib və fevral ayı 29 gündən ibarət olduqda mart ayının 20-si də daxil olmaqla, səkkiz çərşənbə alınır. Martın 13-ü və 20-si çərşənbəyə düşdükdə axır çərşənbə mart ayının 13-də (7-ci çərşənbə) qeyd edilməlidir. Normal hallarda isə martın 20-də axır çərşənbə qeyd edilir və el arasında deyirlər ki, bayram ilə ilaxır üst-üstə düşür. Bu cür toplanan etnoqrafik materiallara görə Kiçik çillənin ikinci çərşənbəsində (təxminən 9-11 fevral tarixlərində) Xıdır Nəbi adlanan el mərasimi də keçirilibdir. Qeyd etmək lazımdır ki, Xıdır Nəbi bayramı da xalqımızın mifoloji görüşlərinə, dəyərlərinə əsaslanan bayramlarımızdandır və nəsillərdən-nəsillərə ötürülərək bu günümüzədək gəlib çıxıb. Bir sözlə, bu mərasimin din faktoru ilə heç bir əlaqəsi yoxdur.
Bu bayramın konkret keçirilmə vaxtına gəldikdə isə deyə bilərik ki, Xıdır Nəbi muxtar respublikanın yaşayış məntəqələrində müxtəlif vaxtlarda qeyd olunur. Məsələn, etnoqraf Türkan Qədirzadə qeyd edir ki, bəzi kəndlərdə bu mərasim 3 dəfə keçirilir. Etnoqraf Asəf Orucov topladığı etnoqrafik çöl materiallarına əsasən qeyd edir ki, Xıdır Nəbi bayramı müxtəlif yaşayış məntəqələrində fevralın 9-da – Kiçik çillənin yarı olduğu vaxtda keçirilir. Şərur rayonunun Aşağı Yaycı kəndində fevralın 5-də, Təzəkənd və Çalxanqala kəndlərində fevralın 14-ü və 15-də qeyd olunur. Naxçıvan şəhəri və ətraf kəndlərdə isə Xıdır Nəbi Kiçik çillənin ikinci cümə axşamı və ya Kiçik çillənin yarı olmasına yaxın olan cümə axşamı günü qeyd olunur.
El arasında isə belə bir deyim var: Çərşənbə günü keçirilən bayram “bəy Xıdır Nəbisi”dir. Lakin üç dəfə Xıdır Nəbi mərasimi keçirilən yaşayış məntəqələrində birinci “xan Xıdır Nəbisi”, ikinci “bəy Xıdır Nəbisi”, üçüncü isə “rəiyyət Xıdır Nəbi”si adlanır.
Bir rəvayətdə söylənilir ki, Xızır və İlyas peyğəmbər birlikdə zülmət dünyasına gedərək dirilik suyundan içiblər. Ölümsüzlük qazanan bu peyğəmbərlərdən Xızır səhralara və çöllərə, İlyas isə sulara üz tutubdur. Xızır istilik hamisi hesab edildiyinə görə, Kiçik çillənin ikinci çərşənbəsində onun şərəfinə Xıdır Nəbi mərasimi keçirilir və bu vaxt insanlar od, istilik arzulayırlar. Xıdır Nəbinin keçirilmə mərasimi isə demək olar ki, hər yerdə eynilik təşkil edir. Adətən Xıdıra yay dövründən hazırlıq gedir. Çətənə, küncüt, fındıq, şabalıd, zəyrək,noxud, mərcimək, püstə, badam, cəviz, ərik dənəsi, qarpız toxumu tədarük edilir və Xıdır günü qovrulur. Qovurğanın əsasını isə buğda təşkil edir. Qovurğa qarışığına kişmiş, mövüz, iydə, tut qurusu, xurma qarışdırılır. “Xıdır Nəbi” və “İlaxır” (axır çərşənbə) mərasimlərində oxşarlıq vardır. Adətən papaq atma (şal sallama, torbaatma) hər iki bayramda təkrar olunur. Xıdır Nəbi günü uşaqlar qapıları gəzir, torba ataraq Xıdır payı toplayırdılar. Bu zaman müxtəlif nəğmələr oxuyardılar.
Sonda qeyd etməliyik ki, Xıdır Nəbi və başqa el mərasimlərimizlə bağlı mübahisə doğuran məqamlar yaxşı təhlil edilməli, bu bayramlar yad təsirlərdən qorunmalıdır. Xalqımızın qədim tarixindən süzülüb gələn bu bayramlarımızı təbliğ edib gələcək nəsillərə ötürmək etnoqraflarla yanaşı, hər birimizin mənəvi borcumuz olmalıdır.
Zaleh Novruzov