“Ulu yurdum Naxçıvanım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü ilə əlaqədar muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu yurdum Naxçıvanım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Yazı müsabiqədən əvvəl təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolundan danışıb. 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisə Naxçıvan Muxtar Respublikasının yaradılması şagirdlərin diqqətinə çatdırılıb.
İnşa yazı müsabiqəsində muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 55 şagird iştirak edib. Şagirdlər 2 saat vaxt ərzində Naxçıvan Muxtar Respublikasının dünəni və bu günü, inkişafı, təhsili, tarixi abidələri, təbiəti, milli-mənəvi dəyərləri, o cümlədən görkəmli şəxsiyyətlərini tərənnüm edən mövzuda inşa yazıblar.
İnşa yazılar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə görə Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aytac Allahverdiyeva I, 12 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Fatimə Cəfərova və Naxçıvan Qarnizanu tam orta məktəbinin 11-ci sinif şagirdi Nurcan Ələkbərova II, 9 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Könül Əkbərova, 14 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüsal Yavərli və Şərur şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Arzu Hüseynova III yerlərə layiq görülüblər. 5 şagird isə həvəsləndirici yerləri tutublar.
Əbülfəz Dünyamalıyev