“Ən böyük layihəm “ Mən böyüyəndə...” dir”- Naxçıvanlı Gənc səfir– Zərifə Zülfüqarova - FOTOLAR
“Biz azərbaycanlıyıq, ancaq həm də qlobal vətəndaşıq və dünyanın qlobal problemlərindən kənarda qalmamalıyıq. Demək istəyirik ki, Azərbaycan gənci olaraq biz qlobal problemlərin həlli istiqamətində çalışırıq” bu fikriləri NUHÇIXAN-a müsahibəsində Gənc səfir Zərifə Zülfüqarova deyir.
Zərifə xanım Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində irəli sürülmüş təşəbbüsə əsasən seçilmiş 17 gənc səfirdən biridir. O, “Keyfiyyətli təhsil” Dayanıqlı İnkişaf Məqsədi üzrə seçilib.
Zərifə xanım necə oldu ki ,siz “Gənc səfir” adını aldınız?
Bildiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində 17 Dayanıqlı İnkişaf Məqsədləri müəyyən olunub. Elə həmin sammitdə Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub.
Buna görə də 2018-ci ilin noyabr ayında Azərbaycanda böyük bir tarixi humanitar forum keçirildi və 17 fərqli məqsəd üzrə 17 gənc səfir müəyyən olundu. Mənim namizədliyim Gənclər və İdman Nazirliyi tərəfindən irəli sürülmüşdü. DİM-in Gənc səfiri olmadan öncə Gənclər Təşkilatları Milli Şurası Beynəlxalq əlaqələr üzrə katib idim.
Zərifə xanım bəs Dayanıqlı İnkişaf Məqsədi hansı meyarları əsas götürür?
DİM-in məqsədi isə ondan ibarətdir ki, “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər etməkdir. Dayanıqlı İnkişaf Məqsədinin bir prinsipi var: Heç kəs kənarda qalmasın. Bütün gənclər öz ideyalarını desin.
Seçilmiş 17 gənc səfirin əsas məqsədi isə Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etməkdir.
Qeyd edmək istəyirəm ki, “Keyfiyyətli təhsil” Dayanıqlı İnkişaf Məqsədi üzrə gənc səfir seçilmişəm. Keyfiyyətli təhsil deyəndə onun tərkibində bir çox hədəflər vardır. Qızların təhsilə cəlb olunması, sağlamlıq imkanı məhdud şəxslərin təhsil məsələsi, cəmiyyətə inteqrasiyası , ətraf mühit təhsili başa düşülür. Biz keçən il ölkəmizin bir çox şəhər və rayonlarında seminar keçirdik. Məktəbliləri, gəncləri dinlədik, onların qlobal problemlərin həllinə yönəlmiş ideyaları ilə tanış olduq.
Mən 2014-cü ildə Şərur rayonun 2 nömrəli tam orta məktəbindən məzun olmuşam. 627 balla ADA-nın Beynəlxalq əlaqələr fakultəsinə daxil olmuşam. Naxçıvanda təhsil uğurları çoxdur . Uşaqlar yüksək bal toplamaqla istər ölkə daxilində, istərsə də dünyanın bir çox univeristetlərinə qəbul olurlar. Mən istəyirəm ki, onlar həm də qolobal məsələlərlə tanış olsunlar, onlarla bağlı məlumatları olsun ki , gələcək kariyera seçimində bunu nəzərə alsınlar. Biz onların hər sahədə fikirlərini eşitmək və onları dəyərləndirmək istəyirik. Təhsildə heç kəs kənarda qalmasın .
Səhv xatırlamıramsa siz “İqlim Aktivliyi Sammiti”ndə də iştirak etmisiniz..
Bəli, “İqlim Aktivliyi Sammiti” 193 ölkənin gənc nümayəndəsinin iştirakı ilə keçirildi. Tədbirin iştirakçıları dünyanın bütün ölkələrindən 18-29 yaş arası “Dayanıqlı İnkişaf Məqsədləri”nin təbliğində və xüsusən, iqlim dəyişikliyinə qarşı mübarizədə fəal iştirak edən 500 gəncdən ibarət idi. Tədbirin başlıca məqsədi gənc liderlərin qlobal problemlərin həllində rolunun artırılması, onların iqlim dəyişikliyi ilə bağlı fəaliyyət göstərən təkliflərini səsləndirməsi və həll yollarını təklif etməsi üçün əlverişli mühitin yaradılması idi.
Dünyanın bir çox ölkələrində iqlim problemi qlobol hal alıbdır. Həmçinin Azərbaycanda da bir sıra iqlim dəyişikliyinin şahidi oluruq. Ola bilsin ki, dövlətlər bu işin həllində maraqlıdır və mübarizə aparırlar, ancaq biz gənclərin fikirlərini nəzərə almalıyıq. Bizim məqsədimiz dövlətin bu sahədə fəaliyyətindən əlavə hər bir insanın ayrı -ayrılıqda bu problemin həllinə istiqamətlənməsidir, həssas olmasıdır.
Nümunə üçün deyək ki, bir ərazidə kütləvi yanğınlar olur, insanlar köçürülür. Bu artıq mədəniyyətlərarası diolaqa mənfi təsir edir, gender bərabərliyi pozulur, həmin ərazinin florası, faunası pozulur və s. Görürsünüzmü bir həll edilməmiş problem özüylə nə qədər problemlər yaradır. Bu da insanlar və digər canlıların yaşamasını çətinləşdirir. Planetimizin daha yaşanılan bir hala gəlməsi üçün əslində hərkəs çalışmalıdır, qlobal problemlərin həllində maraqlı olmalıdır. İlk başlayanda düşünürdüm ki, mənim qlobal iqlimlə bağlı heç bir təhsilim yoxdur, mən bununla bağlı nə edə bilərəm? Ətraf mühit daha çox geoloqların, bioloqların fəaliyyət dairəsidir. İştirak edəndən sonra gördüm ki, ölkəmiz bu sahədə də böyük işlərə imza atıb. Və mən də bu missiyanın təmsilçisiyəm.
Getdiyimiz tədbirin mövzusundan asılı olaraq biz çalışırıq ki, ölkəmizi layiqincə təmsil edək. Sülhlə , dioloqla bağlı bir tədbirdəyiksə mütləq Qarabağ məsələsini vurğulayırıq, əgər muxtariyyətlə bağlı hər hansı konfransa qatılırıqsa biz çalışırıq Naxçıvanın muxtariyyətindən, blokada şəraitinə baxmayaraq inkişafından danışaq.
Biraz da həyata keçirmək istədiyini layihələriz barədə danışaq...
Mənim həyata keçirmək istədiyim ən böyük layihəm “Mən böyüyəndə...”dir. İstəyirəm ki, uşaqlar, məktəblilər müxtəlif sənət sahəsində olan insanlarla həmsöhbət olsun və gələcəkdə karyera seçimində gender ayrı seçkiliyini nəzərə almasınlar. Onlar düşünməsin ki, qadın ancaq müəllim, həkim ola bilər. Yaxud da polis olmaq üçün ancaq kişi olmaq lazımdır. Bu əsası olmayan bir fikirdir və müasir dünyanın reallığı ilə ayaqlaşmır..
Sizə fəaliyyətinizdə və reallaşdırmaq arzusunda olduğunuz layihələrdə uğurlar arzu edirəm .
Müsahibə üçün çox sağolun...
Fizzə Bağırova