Türkiyənin İzmir şəhərində XV Beynəlxalq Kənd Təsərrüfatı və heyvandarlıq sərgisi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən NUHÇIXAN-a bildirilib ki, sərgidə Azərbaycan tərəfdən Dövlət Toxum Fondunun sədri Emin Əliyev, sədr müavini Elton Əbdurəhmanov, Satış və biznesin inkişafı şöbəsinin müdiri Mədinə Əliyeva iştirak ediblər.
Əkinçilik və heyvandarlıq sahəsinə həsr olunmuş sərgidə 70 ölkədən 854 şirkət öz məhsullarını nümayiş etdirib və sərgiyə 337 mindən çox iştirakçı qatılıb.
İştirakçılara toxumun fərqli dərinlikdə torpağa əkilmə qaydaları, dərmanlarda istifadə yolları, biçinin daha qısa zaman ərzində tamamlanması və digər aqrotexniki tədbirlər barədə məlumat verilib. Sərgini ziyarət edənlər Şərqi Avropa və Mərkəzi Asiyadan dəvət olunmuş mütəxəssislərin təcrübələri ilə tanış olmaq imkanı qazanıblar.
Sərgi çərçivəsində Dövlət Toxum Fondunun təmsilçiləri Türkiyənin tanınmış və lider toxum şirkəti olan “MAY Seed” şirkətinin nümayəndələri ilə görüşüblər. Görüşdə əkin sənayesində mövcud innovasiyalar və texnologiyalar müzakirə edilib, məşhur şirkətlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.