Bu gün muxtar respublikada aparılan məqsədyönlü ekoloji siyasət Şahbuz rayonunda da uğurla həyata keçirilir. Görülən tədbirlərin nəticəsidir ki, rayon ərazisində çöl heyvanlarında və quşlarda artım müşahidə olunur. NUHÇIXAN xəbər verir ki, bu fikirlər Şahbuz rayonunun Qızıl Qışlaq kəndində “Ətraf mühitin mühafizəsi” mövzusunda keçirilən tədbirdə səsləndirilib. Ayrınc, Qızıl Qışlaq, Güney Qışlaq və Kükü kəndlərinin bir qrup sakininin iştirak etdiyi tədbirdə məqsəd yerli sakinlər arasında maarifləndirmə aparmaq olub. Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Arzu Əhmədov bildirib ki, aparılan maarifləndirici tədbirlərin nəticəsidir ki, son illər rayon ərazisində qanunsuz ovla bağlı fakt aşkarlanmayıb.
Tədbirdə təbiətin qorunmasında vətəndaşların hüquq və vəzifələrindən danışılıb. Qanunsuz ov, ağacların qırılması, tullantıların ərazilərə atılması və su hövzələrinin çirkləndirilməsinə görə inzibati xətalar məcəlləsində nəzərdə tutulan cərimələr barədə iştirakçılara geniş məlumat verilib.
Novruz Məmmədov