Qırmızı damlı evlər, insana boy verən taxıl zəmiləri və gül-çiçəkli qapılar: - Külüs kəndinin bugünkü mənzərəsi - FOTOLAR

A- A A+

Ramazan bayramı və Milli Qurtuluş Günü münasibətilə ölkədə elan edilən tətil günlərində yaxınlarımı və ən əsası da  yaşlı insanları görmək, onlarla bayramlaşmaq üçün kəndimizə tərəf üz tutdum. Açığını deyim ki, bu cür qədim və dəyərli adətlərimizi yerinə yetirəndə çalışıram ki, oğlum da yanımda olsun. Çünki bizə atalarımızdan miras qalan hər şeyi övladımıza olduğu kimi çatdırmaq lazımdır.

Naxçıvan şəhərindən çıxan kimi   Şahbuz yolunun sağ-solundakı yay fəslinə uyğun olan mənzərə ilk baxışdan diqqəti çəkir: buğda, arpa zəmiləri biçinə tam hazırdır. Yolun kənarında, Şıxmahmud kəndinin ərazisindən ta ki Haçadağa qədər uzanan məsafədə dalğalanan taxıl zəmiləri sanki ən usta bir rəssamın fırçasından çıxıb. Tanrının bu il yaz yağmurları şəklində olan səxavəti Naxçıvan torpağının bərəkətini bir az da  artırıb. 2018-ci il doğrudan da ölkə tarixində “Naxçıvan ili” kimi qalmalıdır. Bu il əldə etdiyimiz uğurlar, əlamətdar hadisələri saymaq istəmirəm.

Çünki bunları artıq hamı yaxşı bilir. Getdiyim yol boyu iki rəng vardı -  yaşıl və sarı. Biri yolların kənarında salınan yaşıllıq, digəri isə onların arasından görünən taxıl zəmiləri. Xalxal meşəsi, Heydər Əliyev Su Anbarı, Böyrək suyu, Rüstəm meşəsi bir-bir arxada qalır...

Doğulduğum və böyüdüyüm Şahbuz rayonunun Külüs kəndi həmişəki kimi, bu dəfə də yaz libasına bürünmüşdü. Təbiəti yay fəslinə  təhvil verməyə hazırlaşan yaz əhval-ruhiyyəli kənd sanki görüş üçün ən gözəl libasını geyinib. Hətta bir azdan metal rəngini alacaq sərt qayalar belə yaşıl örtüyə bürünüb.   Burda dağ  çayı ilə yan-yana gedən asfalt  yol boyu uzanan arpa və buğda zəmiləri dağ  yamaclarındakı yastanlarda sanki yerə sərilən açıq  süfrəni xatırladırdı. Qılçıqlı sünbüllərdəki arpa və iri dənli buğda o dəqiqə, uzaqdan tanınırdı. Builki yaz yağmurları dağlarda dəmyə əkilən taxıla  əməllicə  bərəkət verib. Əvvəlki illərdə bir neçə qarış olan  dəmyə taxıl bu il  az qala bir metrdən artıqdır. Bu məqamı təbii ki, fotonun yaddaşına köçürmək üçün  maşını bir neçə dəqiqəlik saxlamalı oldum.

Kəndimizin ətəyindəki  həyətlərin birinin giriş qapısı isə hələ 1990-92- ci illərdə hərbi xidmətdə olduğum Almaniyanın Ratenov şəhərindəki  həyətləri xatırlatdı. O zaman almanların səliqə-səhmanı, həyətlərində əkdiyi gül-çiçəklərə necə acgözlüklə  baxırdım.  Hətta bir dəfə yanından keçəndə ayaq saxladım və yola tərəf olan çiçəkləri əlimlə oxşadım. Qoca alman qapının ağzına çıxıb,  ləhcə ilə rusca: “Ey soldat, çevo tı smotriş? (Əsgər, nəyə baxırsan?)", - soruşdu. -Gözəl çiçəklərdir-dedim-xoşuma gəldi. O isə gülümsünərək: "Çerez 50 let u vas toje tak budet (50 ildən sonra sizdə də belə olacaq)",-dedi. Bu dəfə kəndimizdəki çiçəklərin arasındakı qapını görəndə o söhbət yadıma düşdü. Amma aradan 25 il keçmişdi. Bir anlığa Külüs kəndini Almaniyanın Ratenov şəhəri ilə müqayisə etdim. Təbii ki, bu çiçəklərin fotosunu da çəkməyi unutmadım.

Həmişə bayramlarda görüşünə getdiyim 77 yaşlı Xanım bibim məni qarşısındakı qızılgül ləçəyi yığılmış tabaq və əlində qayçı ilə qarşıladı.  Atasının adını mənə qoyduqlarına görə, lap Şah Xətainin şeirlərindəki kimi  “Dədəm, xoş gəldin!”   dedi. Olandan, keçəndən söhbət etdikcə əlindəki qayçı ilə qızılgül ləçəklərini doğrayaraq danışırdı. - Bu nədir yenə, ay bibi? - sualıma: - “Uşaqlara qızılgül mürəbbəsi bişirəcəm, bibin qurban!”, -dedi. (Uşaqlar, Bakıda yaşayan  bibiuşaqlarım idi).   – Yaxşı, buna neçə kilo şəkər vuracaqsan?- "Bibin qurban, mən çəki-məki bilmirəm ki, bişirirəm, qəndi vururam, dadına baxıram, sonra da gördüm şirinliyi alındı, oddan götürürəm. Bu da olur mürəbbə. O, ölçü filan, tənbəl adamların işidir”, - deyir. Nə deyəsən. Hardasa 60 ildən çoxdur ki, hər yay  ərik, gilənar, qızılgül, armud, heyva mürəbbəsi bişirən bibim üçün ölçü nədir, bici nədir? Hər şey təcrübə ilə və gözə yarıdır.

Kəndimizi yuxarıdan seyr etmək istəyirəm. Çünki bu kənd həmişə hündürdən daha maraqlı görünür. Məqsədim bir neçə şəkil çəkməkdir. Gördüyüm, ən maraqlı mənzərə köhnə evlərin bəzilərinin sökülərək, yerində  qırmızı örtüklü, ən müasir şəraitli  evlərin, müasir binaların tikilməsidir. Əgər bir zaman ancaq ağ şiferlər vardısa, indi kəndin evlərində bir rəngarənglik diqqəti çəkir. Hiss olunur ki, artıq iqtisadi tərəqqi təkcə dövlət səviyyəsində inşa edilən müasir inzibati binalarla qurtarmır. Artıq öz gün-güzəranını təsərrüfatla, torpağa bağlı işlərlə yaxşılaşdıran adamlar  öz evlərini bu yeni ansambla uyğun inşa edirlər. Bir sözlə, ən ucqar dağ kəndlərinə müasir görkəm verirlər.

Rahat asfalt yol, yaşıl həyətlər, yaraşıqlı binalar və bir də səmimi insanlar.  Bu Şahbuzun bugünkü dağ kəndlərinin yaşam tərzi və gerçəkliyidir. Bu, əslində, on illər  bundan əvvəl hər kəsin yalnız arzuladığı bir istəyin reallığı, Naxçıvan kəndlərinin  2018-ci ildəki həqiqətləridir.

Səməd Canbaxşiyev 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: