Bildiyimiz kimi, İpoteka kreditləşməsi hesabına əhalinin mənzilə olan tələbinin qarşılanması, mənzil bazarında canlanmaya, bu isə öz növbəsində tikinti və əlaqəli sektorlarda iqtisadi aktivliyin dəstəklənməsinə, əlaqəli sahələrin inkişafına, yeni iş yerlərinin açılmasına və məşğulluğun dəstəklənməsinə şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, qanunvericiliyə əsasən şəxsin özü və ailə üzvləri yaşadıqları mənzili ipoteka ilə yüklü etdikdən sonra da həmin mənzildə yaşaya bilər. Mənzilin ipoteka ilə yüklü edilməsi şəxsin və ailə üvlərinin ondan istifadə etməsinə mane olmur. Hətta ipoteka müqaviləsinə şəxsin həmin mənzildə yaşamağını qadağan edən şərt qoyulsa belə, həmin şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü maddəsinə görə etibarsızdır. Həmin maddəyə görə ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır.
Bəs şəxsin bankdan götürdüyü kreditin iş yerində əmək haqqından tutularaq ödənilməsi mümkündürmü?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 6-cı hissəsinə görə işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Kreditin əmək haqqından tutularaq göndərilməsi mümkündür. Lakin bunun üçün şəxs işəgötürənə ərizə ilə müraciət etməlidir.