1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində döyüşmüş müharibə iştirakçılarının övladlarına vergi güzəşti tətbiq edilirmi?
NUHÇIXAN xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən jurnalistlərin sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin arayışları.
Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. Müraciətdə qeyd olunan şəxsin güzəşt hüququnun müəyyən edilməsi üçün sözügedən qurumlara müraciət etmək tövsiyə olunur.