Çində indiyədək 1716 tibb işçisi koronavirusa yoluxub

386

Çində koronavirus epidemiyası başlayandan bəri 1716 tibb işçisi bu virusa yoluxub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Koronavirusun yeni növü (COVID-19) 6 tibb işçisinin həyatına son qoyub. Onlar arasında Uxan şəhərindəki Mərkəzi Xəstəxananın oftalmoloqu, koronavirusun yeni növü barədə ictimaiyyəti ilk məlumatlandıran həkimlərdən olan Li Venlian da var.

Koronavirusun episentri olan Xubey vilayətində xəstələrin sayının çoxalması tibbi personala böyük tələbat yaradıb. Ona görə də ölkənin digər yerlərindən ümumilikdə 21 mindən çox tibb işçisi epidemiya ilə mübarizənin “ön cəbhəsi” olan Xubeyə ezam olunub. Onlar arasında Çin silahlı qüvvələrinin tabeliyindəki tibb müəssisələrinin təxminən 4 min hərbçisi də var.

Qeyd edək ki, indiyədək Çində virusa yoluxanların ümumi sayı 63 min 936, ölənlərin sayı isə 1381 nəfərə çatıb. Virusa yoluxanlarından təxminən 10 min nəfərinin vəziyyəti ağırdır. İndiyədək 6755 nəfər sağalaraq xəstəxananı tərk edib. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 493 min nəfəri müəyyən edib, onlardan 178 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, Böyük Britaniya, Rusiya, İtaliya, İspaniya, İsveç, Belçika və Finlandiyada 500-dən çox yoluxma faktı olub. Çinin hüdudlarından kənarda - Filippində və Yaponiyada iki ölüm faktı qeydə alınıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: