Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbirdə rayon prokurorluğunun böyük müstəntiqi Afət Kərimli "Ailədə uşaqların hüquqları" mövzusunda cıxış edərək bildirib ki, ailə təkcə hər bir insanın deyil, eləcə də cəmiyyətin inkişafına, onun əxlaqi sağlamlığına təsir göstərir və insanların sosial aktivliyini artıran faktorlardan biridir. Ölkəmizin ailə qanunvericiliyinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər, Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
Qeyd olunub ki, uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanına məlumat verməyə borcludurlar.