Bu gün eşitdiyim ən yaxşı xəbər separatçı Fəxrəddin Abbasovun (Aboszadə) 16 il azadlıqdan məhrum edilməsi oldu. Beləliklə də, milli müstəqilliyimizə, dövlətçiliyimizə qarşı xəyanət yolunu tutan daha bir çaqqal qulağından tutularaq yuvasından çıxarıldı və layiq olduğu yerə göndərildi! Onun Rusiyada saxlanılaraq ölkəmizə gətirilməsi həm də dövlətçiliyimizin daha bir uğuru kimi qiymətləndirilməlidir. Çünki illərdir işğalçı Ermənistan mətbuatının “bəzəyi” olan Abbasovun fəaliyyəti birbaşa ölkəmizin parçalanmasına yönəlməklə düşmən dəyirmanını suvarırdı. O, mütəmadi olaraq Naxçıvanın inkişafı, tarixi həqiqətlərinin saxtalaşdırılması istiqamətində də erməni mediasında xəyanətkar çıxışlar edirdi…
Bəs, ötən il Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Rusiyada yaxalanaraq ölkəmizə gətirilən separatçının “karyerasında” daha nələr var?
İş burasındadır ki, 1956-cı il dekabrın 25-də Lerik rayonunun Bılabənd kəndində anadan olan Fəxrəddin Abbasovun separatçılıq fəaliyyəti 1993-cü ildən başlayır. Hətta, bir zamanlar ölkəmizi bölməyə və “Talış-Muğan Respublikası” yaratmağa çalışan Əlikram Hümbətov tərəfindən qondarma qurumun “parlamentinin spikeri” də təyin edilmişdi.
Barəsindəki məlumatlardan oxuyuruq:
“Vətənə xəyanəti üzə çıxandan sonra Rusiyaya qaçan F.Abbasov uzun müddət Azərbaycan dövlətçiliyi əleyhinə təxribat xarakterli çıxışlar edib. Həmin çıxış və addımlar bu günə qədər davam etməkdə idi. Abbasov tez-tez İrəvana gedir və xüsusən Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfər edirdi. O, ermənilərə məxsus mətbuat orqanlarında Azərbaycana qarşı çağırışlar səsləndirib. Dəfələrlə İrəvanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbasov Azərbaycan hakimiyyətini, medianı müxtəlif cinayətlərdə ittiham edərək, düşmənin maraqlarına uyğun addımlar atıb və ölkəmizə qara yaxmaqla məşğul olub. O, Ermənistan xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edib.
Qeyd edək ki, separatçı xain 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib, uzun müddət elmi kommunizm, daha sonra politologiya fənnini tədris edib”.
Görünür, onun necə təhlükəli və çörək yediyi qaba tüpürən nadan olduğunu Rusiya tərəfi də anlayıb. Belə ki, separatçı 2014-cü ildə müraciət etsə də, ona Rusiya vətəndaşlığı verilməyib.
Başdan-ayağa, ayaqdan da başa “erməni maşası” olan Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi isə bu gün yekunlaşıb. Və hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F. Abbasov 16 il azadlıqdan məhrum edilib.
Cinayət dosyesi isə kifayət qədər qabarıqdır: Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması), 274-cü maddələri (Dövlətə xəyanət)…
Məsələni çox uzatmadan qısaca demək istərdim ki, bu cinayət əməli bir daha sübut edir ki, doğma Azərbaycanımızın inkişafını, güclənməsini istəməyən qüvvələr bir an da boş dayanmırlar. Və məqam düşdükcə, xəyanətkar xislətli, iradəsiz, saxta vətənpərvərləri də öz çirkin oyunlarına alət edirlər.
Və bir də, Fəxrəddin kimi şərəfini 2 qəpiyə satanlar təkcə Vətənimizə xəyanət etmirlər; onlar həm də minlərlə şəhidimizin, şəhid analarımızın ruhuna, xatirəsinə ləkədirlər. Təəssüf ki, Rusiyada başı qəfil Ural dağlarına dəyib dağılan Fəxrəddin kimi, Avropada Eyfel qülləsinin yan-yörəsində eşələnən fəxrəddinkimilər də az deyil. Əlbəttə, gec-tez onları da Fəxrəddinin aqibəti gözləyir. Biz qan töküb bayraq ucaltmamışıq ki, belə nadanlar ona dil və barmaq uzatsınlar! Barmaqlar qırılar, dillər kəsilər – Vətən və millət üçün…
Xalqımızın gözəl bir adəti var. Biz hər şeyi öz adıyla çağırmağı bacarırıq: iti də, çaqqalı da… Və zaman və məqam çatan kimi hər kəsə öz yeri göstərilir. Xəyanət isə heç zaman bağışlanmır!