Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin fevral ayının ilk 15 günündə bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 2020-ci il 6 fevral tarixdə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən apostil şəhadətnaməsinin verilməsi ilə bağlı məsələlərin tənzimlənməsi haqqında” Qərar qəbul etmişdir.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında 2020-ci il 1 yanvar vəziyyətinə torpaqların növləri, mülkiyyətçiləri və istifadəçiləri üzrə torpaq balansı” təsdiq edilmişdir. Adıçəkilən qərara əsasən 2019-cu ildə mövcud 164 min 335 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin 54 min 422 hektarını əkin, 1977 hektarını çoxillik əkmələr, 3040 hektarını biçənək, 302 hektarını dinc, 104 min 594 hektarını isə örüş sahələri təşkil etmişdir. Əvvəlki ilə nisbətən 2019-cu ildə əkin sahəsi 1034, çoxillik əkmələr isə 304 hektar artmışdır. 2020-ci il 1 yanvar vəziyyətinə suvarılan torpaqların sahəsi 62 min 231 hektar olmuşdur ki, bu da ötən illə müqayisədə 799 hektar çoxdur. Bu artım Kəngərli və Şahbuz rayonlarında qapalı suvarma şəbəkəsinin qurulması, Babək, Culfa, Ordubad rayonlarında və Naxçıvan şəhərində meyvə bağlarının, üzümlüklərin salınması və həmin ərazilərin su ilə təmin edilməsi nəticəsində baş vermişdir.

Həmin tarixdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci ildə yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması”nın təsdiq edilməsi haqqında da Qərar qəbul edilmişdir.

Eyni zamanda “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yaratdığı publik hüquqi şəxsin (statusu qanunvericiliklə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 13 fevral tarixli 33 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilmişdir.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: