2019-cu ildə muxtar respublikada doğulan uşaqlara ən çox qoyulan adlar

A- A A+

Son illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunan davamlı inkişaf, həyata keçirilən islahatların səmərəliliyi əhalinin yaşayış səviyyəsinin və güzəranının yaxşılaşdırılmasına, əhali artımına əlverişli şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada 1 yanvar 2020-ci il tarixə əhalinin sayı 2009-cu ilin sonu ilə müqayisədə 57,2 min nəfər artaraq 459,6 min nəfər olub. Ümumi əhalinin 94,5 mini Naxçıvan şəhərində, 117,6 mini Şərur, 76,2 mini Babək, 50,2 mini Ordubad, 47 mini Culfa, 32,8 mini Kəngərli, 25,3 mini Şahbuz, 16 min nəfəri isə Sədərək rayonlarında qeydə alınıb.

Əhalinin 229,6 min nəfərini kişilər, 230 min nəfərini isə qadınlar təşkil edib. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır.

Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfər olmuşdur ki, bu da 2009-cu ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 493 nəfər düşür.

Ötən il muxtar respublikada 5415 körpə doğumu qeydə alınıb. Doğulanların 2853-nü və ya 52,7 faizini oğlanlar, 2562-ni və ya 47,3 faizini isə qızlar təşkil edib. Doğulan uşaqlardan 64-ü əkiz olub. 2019-cu ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Hüseyn, Uğur və Məhəmməd, qızlarda isə Fatimə, Nilay, Zəhra, Məryəm və Zeynəb adları üstünlük təşkil edib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 77 min uşaq doğulub.

2019-cu ildə muxtar respublikada 2656 nikah bağlanıb, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28,3, qadınlarda isə 24 yaş təşkil edib. 2010-cu ildən 1 yanvar 2020-ci il tarixədək muxtar respublikada 29,7 min nikah qeydə alınıb.

Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini aşağı salıb. Muxtar respublikada 2009-cu ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,3 nəfər olmuşdursa, 2019-cu ildə bu göstərici 4,5 nəfər təşkil edib. Qeydə alınan bu göstərici ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı səviyyədədir.

1 yanvar 2020-ci il tarixə muxtar respublikada gənclərin sayı 141,6 min nəfərə çatıb ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.

Muxtar respublikada insan amilinə verilən dəyər, sağlam ailə – sağlam cəmiyyətin formalaşdırılması istiqamətində aparılan uğurlu siyasət bundan sonra da əhalinin demoqrafik göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: