Akademik İsa Həbibəyli yaradıcılığı Yusif Seyidovun gözü ilə

A- A A+

Müqəddəs  Nuh yurdu,oğuz yurdu Naxçıvan torpağı görkəmli elm və dövlət xadimləri yetişdirib. Belə elm xadimlərindən biri Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı , filoloji elmlər doktoru, professor Yusif Seyidovdur. Şərur rayonunda dünyaya göz açan professor Y. Seyidov Azərbaycan diliçilik elmində qrammatika məktəbinin əsas yaradıcılarından biridir.

Prof.Y.Seyidov 1940-ci illərin sonlarında taleyini Bakı mühiti ilə bağlasa da, el-obaya,  yurd-yuvaya,torpağa bağlı ziyalı olub. Bu bölgənin ictimai-siyasi həyatı, ədəbi-elmi mühiti ilə iç-içə olub. Yerli mətbuat orqanı olan “Şərq qapısı” qəzetində Naxçıvan haqqında sanballı məqalələrlə çıxış edib. O, Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycan dilçiliyinin ağsaqqallarından biri kimi 1990-cı illərin sonlarında Naxçıvan Dövlət Universitetinə dəvət edilib, yeni kadrların hazırlanmasında fəal  iştirak edib,tələbələrə mühazirə oxuyub. Dissertasıya şurasının üzvü kimi səmərəli fəaliyyət göstəribdir.

Onu da qeyd edək ki, prof.Y.Seyidov,tək dilçiliyin nəzəri məsələlərini tədqiq etməyib, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, bir ədəbiyyatşünas kimi ədəbi-tənqidi məsələləri izləyib, yazıçı və dil problemi ilə yaxından məşğul olubdur. Bir filoloq kimi ədəbi-bədii dil,onun inkişaf meyilləlləri və yolları, yazıçıların, söz, dil, bədii dil haqqında fikir və mülahizələrini araşdırıbdır. Bu araşdırmaların nəticəsi olaraq “Klassik şairlərimiz söz haqqında”(1977),”Yazıçı və dil”(1979),  “Ədəbi tənqid və bədii dil”(1986),”Nəsimi dili”(1996),”Şairin dərdi”(1996),”Sözün şöhrəti”(1981), “Sözün qüdrəti”(1983), ”Şairin fikir dünyası”(1085), ”Sözün hikməti”(1989), Nəsiminin dili”(1996),”Ey ulu dünya”(2003),”Mir Cəlal-100(ədəbi-bədii dil problemləri)2008),”Xalq yazıçısı Elçin”(2012) və s.kimi kitab və monoqrafiyalar ərsəyə gəlibdir. Bu tədqiqatlardan əlavə, prof.Y.Seyidovun akademik Məmməd Cəfər Cəfərov və akademik İsa Həbibbəyli haqqında yazdığı monoqrafiyalar da ədəbiyyatşünaslıq elminə layiqli töhfədir.

Akademik İ.Həbibbylininin elmi yaradıcılığının tədqiqi ilə alim 2000-ci  illərin əvvəlindən məşğul olmağa başlayıb. Bu araşdırmanın nəticələri 2009-cu ildə “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada öz əksini tapıbdır. Y.Seyidov monoqrafiyanı bir az da təkmilləşdirərək 2013-cü ildə yenidən nəşr etdirib. Alim akademik İsa Həbibbəyli haqqında monoqrafiyasını 15 cildlik “Əsərləri”nin XI cildinə  də daxil edib.

Akademik İsa Həbibbəylinin həyatı, yaradıcılığı, elmi məktəbi haqqında bir çox alim və ictimai xadimlər məqalə, ayrıca kitab yazıb.Prof.Y.Seyidovun bu monoqrafiyasının səciyyəvi xüsusiyyəti isə ondan ibarətdir ki, burada akademik İsa Həbibbəylinin  elmi-pedaqoji,ədəbi və ictimai fəailiyyətinin ancaq Naxçıvan dövrü zəngin faktlar əsasında öz dolğun əksini tapıbdır. Naxçıvan Dövlət Universitetini  İsa Həbibbəylinin universiteti adlandıran Y.Seyidov yazır: ”Belə mükəmməl universitet şəhərciyinin salınmasında dövlətin qayğısı da, İsa Həbibbəylinin zəhməti də aşkar görünür. İsa Həbibbəyli məzun olduğu universitetin sadəcə rektoru deyil, vurğunudur.O, Naxçıvanın böyük qurucusu Vasif Talıbovun komandasında sabit, dəyişməz mövqeyi, fəallığı, qeyri-adi işgüzarlığı ilə fərqlənən personaldır”(Y.Seyidov.Əsərləri,15 cilddə, XI c. Bakı,2013, s.317).

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer tutur.  İsa Həbibbəyli doğulduğu diyara bütün səmimiyyəti ilə bağlı olan, onun inkişafına, uğurlarına sevinən, bu yolda bütün enerjisini əsirgəməyən və böyük Azərbaycan sevgisi ilə yaşayan  vətəndaş alimdir. İsa müəllim yuxarıda qeyd edildiyi kimi 40 il Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyət göstərib, həmin  müddətdə bu qədim diyarın ədəbi mühitini hərtərəfli şəkildə araşdırıb, bölgənin ədəbi-elmi və mədəni inkişafını mühüm ədəbi qaynaqlar və arxiv materialları əsasında tədqiq edib. Bir haşiyə çıxaraq qeyd edək  ki, elə akademikin 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş,  qədim mədəniyyət mərkəzi Naxçıvana həsr edilmiş 850 səhifəlik “Nuhçıxandan-Naxçıvana” monoqrafiyası dediklərimizi tam şəkildə təsdiq edə bilər. Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi və mədəni mühiti haqqında yazıb nəşr etdirdiyi qiymətli əsərlərin ancaq bir qismi öz əksini tapıb.  Alim bu tədqiqatında Naxçıvan ədəbi mühitinin yaranma tarixini,inkişaf mərhələlərini ilk dəfə ümumiləşdirməyə təşəbbüs göstərmiş və məqsədinə nail olub. O, bölgənin ədəbi mühitini obrazlı şəkildə  “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi” adlandırır.

Məlumdur ki,XIX əsrin sonlarında maarifçilik hərəkatı Qafqazda, o cümlədən Naxçıvanda geniş vüsət alıb.  İsa Həbibbəyli  bu kontekstdə Naxçıvan maarifçi ədəbi-mədəni mühitin öndə gedən nümayəndələrindən Eynəli bəy Sultanov(1866-1935), Məhəmməd Tağı Sidqi(1854-1903), Məhəmməd ağa Şahtaxtlı(1846-1931), Əliməmməd Xəlilov(1862-1896), Mirzə Əbülqasım Sultanov(1866-1916), Mirzə Ələkbər Süleymanov(1862-1921), Paşa ağa Sultanov(1949-1902),  Mirzə Cəlil Şürbi(1874-1915), Sadıq Xəlilov(1864-1905), Tağı bəy Səfiyev(1878-1939), Məmmədqulu bəy Kəngərli(1854-1905) və başqaları haqqında arxivlərdən material toplayıb, araşdırıb, yeni tədqiqatlarını elmi ictimaiyyətə təqdim edibdir.

Prof.Y.Seyidovun qeyd etdiyi kimi,bu maarifçilər içərisində görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yaradıcılığı İsa Həbibbəylinin diqqətini daha çox cəlb edibdir. O, milli məktəbin banilərindən olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat aparıb,  pedaqoqun əvvəl maarifçi əsərlərini toplayıb “Məktəb hekayətləri” (1996)adı ilə, daha sonra isə bütün əsərlərini(2004) ilk dəfə nəşr edib geniş ictimaiyyətin istifadəsinə təqdim edibdir.

İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi maarifçi Mirzə Cəlil irsinin tədqiqinə və nəşrinə həsr olunubdur. Bu mövzuda akademikin “Cəlil Məmmədquluzadə”(1987), ”Zamanın dühası”(1993), ”Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə”(1994), “C.Məmmədquluzadə: mühiti və müasirləri”(1997) adlı bir-birindən qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Alimin bu tədqiqatları ona “Mirzə Cəlilşünas” titulu qazandırıbdır.

Prof.Y.Seyidov da öz tədqiqat əsərində İsa Həbibbəylinin Mirzə Cəlil haqqında araşdırmalarına geniş yer ayırıb və bu əsərləri ətraflı şəkildə  filoloq gözü ilə təhlil edib. Yusif Seyidovun çox doğru olaraq göstərdiyi kimi bu araşdırmalar “Azərbaycanda  XIX əsrin sonları və XX əsrin əvvəlləri” ədəbi prosesinə ümumiləşdirilmiş yeni bir baxışı ifadə edirdi.

Naxçıvan ədəbi mühiti ilə bağlı olan görkəmli ədəbiyyat adamlarından biri də professor Abbas Zamanov olub.  İsa Həbibbəyli çox doğru olaraq göstərir ki, yazıçı və müasirləri problemini bizim ədəbiyyatşünaslıq elmimizə Abbas Zamanov gətiribdir. O,”Sabir və müasirləri” əsəri ilə  bu sahənin əsasını qoyub. Elə buna görə də İ.Həbibbəyli  təxminən altmış ziyalı və elm xadiminin məqaləsindən ibarət “Müasirləri Abbas Zamanov haqqında” adlı kitab tərtib edərək nəşr etdirib.

Abbas Zamanovu bir alim, bir naxçıvanlı,  vətənpərvər kimi sevən, məsləkdaş kimi ona böyük ehtiram göstərən Y.Seyidov İsa Həbibbəylinin  bu sahədəki araşdırmalarını yüksək  qiymətləndirir və yazır: “O, imperiya siyasətinə və bu siyasətə arxalanan ermənilərin ərazi iddialarına qarşı cəsarətlə səsini qaldıran, bununla da başına olmazın fəlakətlər gələn, lakin sınmayan, həm də şəxsən qalib gələn bir ziyalı, bütöv bir şəxsiyyət idi, dissident idi ”(Y.Seyidov.Əsərləri,15 cilddə,XI cild,Bakı,2014,s.338).

Müəllif göstərir ki, akademik İsa Həbibbəyli XX əsr Naxçıvan ədəbi mühitinin akademik M.C.Cəfərov, xalq şairi   Məmməd Araz, İslam Səfərli, Adil Babayev, Hüseyn İbrahimov, Cavad Cavadlı, Vaqif Məmmədov kimi nümayəndələrinin yaradıcılığını dərindən tədqiq edib, onların hər biri haqqında ayrıca məqalə yazıbdır. Ona görə də Yusif Seyidov monoqrafiyada tədqiqatçı İsa Həbibbəyli haqqında dolğun təsəvvür yaratmaq üçün  bu məqalələrin hər birini ayrıca nəzərdən keçirir,təhlil edir,onların məziyyətlərini açıb göstərir.

Professor Y.Seyidovun “Akdemik İsa Həbibbəyli” adlı tədqiqat əsəri görkəmli ictimai xadim, akademik İsa Həbibbəylinin həyat və yaradıcılığının Naxçıvan dövrünün öyrənilməsində dəyərli qaynaq kimi elmimizə böyük bir töhfədir.

                                                                      Əbülfəz Quliyev

                                                                    AMEA-nın müxbir üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: