Qaz cihazlarından istifadə zamanı nələri bilməliyik?

A- A A+

Havaların soyuması ilə əlaqədar olaraq əhalinin mavi yanacağa olan tələbatı da artmağa başlayır. Ötən illərin təcrübəsi göstərir ki, vətəndaşlar tərəfindən qaz cihazlarından düzgün istifadə edilmədiyindən bir çox hallarda partlayış, yanğın və zəhərlənmə kimi xoşagəlməz hadisələr baş verir. Bəziləri hələ də təbii qazdan, ümumiyyətlə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz sobalarından və suqızdırıcılarından istifadə edir, qaz xətlərinin öz başına çəkilməsi kimi hallara yol verirlər. Bütün bunları nəzərə alaraq qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların, idarə, müəssisə, təşkilat rəhbərlərinin və əhalinin nəzərinə çatdıraraq, aşağıdakı yanğın təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını vacib hesab edirik.

Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi hallardan uzaq olmaq üçün hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara əməl etməsi zəruridir. Qaz istehlakçıları istənilən satış mərkəzlərində əldə etdikləri məişət cihazının müvafiq sənədi, o cümlədən, texniki pasportu, uyğunluq sertifikatı ilə tanış olmalı, onlardan istifadə qaydalarının satışını həyata keçirən mağazanın nümayəndəsindən öyrənməlidirlər. Qaz cihazlarının istər obyektlərdə, istərsə də evdə quraşdırılması və təmir olunması müvafiq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Qaz cihazlarını yandırmadan əvvəl nəzarət kranlarının bağlı olduğunu yoxlamalı, sonra nəzarət kranını açmalı və yanar kibrit odluğa yaxınlaşdırılmalıdır. Sonra işçi kranı açıb məşəli lazım olan qədər tənzimləmək lazımdır. Yanma prosesi düzgün gedirsə, məşəl mavi və parlaq olur. Məşəlin rəngi sarı və ya  qırmızıya çalarsa, deməli, yanma prosesi düzgün getmir. Bu zaman odluq təmizlənməlidir.

Dəm qazı neft məhsullarının, təbii qazın, kömürün, odunun və digər yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Dəm qazının yaranmaması üçün otaqlar tez-tez havalandırılmalı və tüstü boruları küləyin istiqaməti nəzarət alınmaqla quraşdırılmalı və tüstü borularının çıxışı tutulmamalıdır. Tüstü boruları və bacaları hər iki aydan bir təmizlənməli, onların sazlığı daima yoxlanılmalıdır. Mətbəxdə qaz piltəsi və suqızdırıcı quraşdırarkən otağın həcmi nəzərə alınmalıdır. Dəm qazı ilə zəhərlənmə və boğulma halları baş verdikdə isə ilk tibbi yardım göstərməyi hamı bacarmalıdır.

Yadda saxlamaq lazımdır ki, qazın yanma məhsullarından zəhərlənmə və qazdan boğulma hallarında baş gicəllənməsi, ürək bulanması, qusma, dodaqların göyərməsi kimi hallar müşahidə olunur. Zəhərlənmə zamanı zərərçəkəni təmiz havaya çıxarmalı, nəfəs almanı çətinləşdirən bütün amillərdən azad edilməli və dərhal təcili yardımdan həkim çağırılmalıdır. Zərərçəkənə naşatır spirti yaxud sirkə iylədilməli, şirin  mayelər içirdilməlidir. Unutmayaq ki, bu qaydalara riayət etməklə biz yanğından, partlayış təhlükəsindən və dəm qazından zəhərlənmələrdən uzaq olur, özümüzü, ailə üzvlərimizi, ətrafımızdakı insanları bədbəxt hadisələrdən qoruyuruq.

Azər ZEYNALOV,

Babək Rayon Dövlət Yanğın

 Təhlükəsizliyi Şöbəsinin əməkdaşı

“Şərqin səhər” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: