Qədim inanc yeri - “İydəli Pir”

A- A A+

Minilliklərdən bəri qədim insanların yaşayış məskəni olan muxtar respublikamız tarixin dərinliklərindən üzü bəri zəngin mədəniyyətin, o cümlədən dünyəvi və səmavi dinlərin xüsusiyyətlərini özündə ehtiva edən inanc yerlərinin mövcud olduğu bir ərazidir. Odlar yurdu kimi tanınan ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda, məlum olduğu kimi, islamdan öncə atəşpərəstlik inancı geniş yayılıb. Azərbaycanda islam dini bərqərar olduqdan sonra da xalqımızın adət-ənənələrində əvvəllər mövcud olmuş inancların, xüsusən də atəşpərəstliyin bəzi məqamları islamla vəhdətdə günümüzə qədər gəlib çatıb. Muxtar respublikamızda mövcud olan dini ziyarətgahların, o cümlədən haqqında danışacağımız Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən “İydəli pir” adlanan ziyarətgahın islamdan daha qədim dövrlərə aid olması faktı da deyilənləri təsdiq edir. Bu ziyarətgahların bəzilərinin İslam tarixindən çox əvvəl yaranmasına baxmayaraq, sonradan onlar İslam dini ilə əlaqələndirilib, hətta bu kimi yerlərdəki məzarların İslamda önəmli şəxslərin qəbri olması ilə bağlı rəvayətlər yaranıbdır

“İydəli pir” ziyarətgahı Şahtaxtı kəndinin şərqində, kənd mərkəzindən təxminən 2 kilometr aralıdadır. Qayanın təbii oyuğunda yerləşən pir Naxçıvanda tarixi çox qədimlərə gedib çıxan məşhur ziyarətgahlardan biridir. Onun ətrafı qaya parçaları ilə dördkünc formada hörülübdür. Pirin ətrafında kəhriz və divar qalıqları mövcuddur. Divarın qalınlığı bəzi yerlərdə 50-60 santimetrə çatır. Pirin ətrafındakı ərazilərdə iri qaya parçalarından hörülmüş divar qalıqları da aşkar olunubdurş Araşdırmalar zamanı pirin ətrafından qədim və orta əsrlərə aid keramika nümunələri də aşkar edilib. Pir Azərbaycan xalqı arasında yayılan su və od inancı ilə bağlıdır və buradan tapılan maddi-mədəniyyət nümunələrini eramızdan əvvəl II-I minilliklərə aid etmək olar. Pirin ətrafı orta əsrlər dövründə yaşayış məskəni kimi istifadə edilibdir.    Qeyd edək ki, məşhur rus hərbi tədqiqatçısı Konstantin Nikolayeviç Smirnovun “Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar” kitabında Şahtaxtı ərazisində XIV əsrdə “Nemətullahi” təriqətinə mənsub dərvişlərin yaşadığı qeyd edilir. Qədim Şahtaxtı kəndinin də İydəli pirin yerləşdiyi ərazinin ətrafında yerləşməsi və burada baş verən zəlzələdən sonra indiki ərazilərə doğru yayıldığı xalq arasında söylənilir. Belə bir qənaətə gəlmək olar ki, pirin islamla əlaqələndirilməsi də bu təriqət ilə əlaqəlidir. Hətta, belə rəvayət var ki, Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətainin 7 minlik qoşunla 30 minlik qoşun üzərinə əmin şəkildə hücum çəkməsinin kökündə də məhz öncədən qələbə əldə edəcəyinə yüksək inamı olub və bu inamı, əhval-ruhiyyəni də onda İydəli Pirdə gecələməsi yaradıb. Pirin yerləşdiyi təpənin üstündə üç qədim məzar, əhatəsində isə şiəlikdə mühüm rəqəm sayılan 12 kəhrizin yeri qalıb və onlardan bir neçəsi hazırda da Araz çayı istiqamətində axır.

Bu gün Şahtaxtı kəndinin sakinləri, həm də qonşu kəndlərdən piri ziyarət edənlər olur. Kəndin yaşlı sakinləri pirdə daşyapışdırma, daşqaldırma kimi inanc formalarının indi də yaşadıldığını söyləyirlər. Daşın yapışması, eyni zamanda qaldırılan daşın insana yüngül gəlməsi inancları xalq arasında duaların qəbul olunduğu fikrinin yayılmasına səbəb olubdur. Bir sözlə, keçmişdə olduğu kimi, müasir dövrümüzdə də İydəli pir insanların qədim inanc yeri kimi tanınır.

                                                                                “Yeni həyat “qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: