Hər fəsildə gözəlliyi ilə göz oxşayan Ağbulaq - FOTOLAR

A- A A+

Şahbuz rayonu muxtar respublikanın zəngin-mədəni irsi, özünəməxsus mətbəxi, çeşid-çeşid məhsulları, gözəl havası, saf suları, mineral və müalicəvi bulaqları və bir çox xüsusiyyətləri ilə seçilən turizm məkanıdır. İlin hansı fəsli olmasından asılı olmayaraq, istirahətini xoş və mənalı keçirmək istəyən yerli və xarici turistlər daha çox bu rayona gəlməyə can atırlar. Çünki dağlarla əhatə olunan bu Şahbuz rayonu ilin istənilən fəslində qonaqlarını heyranedici mənzərə ilə qarşılaya bilir. Elə təbiətindəki bu rəngarənglik sayəsində son zamanlar rayona turist axını daha da artıb. Rayonun Ağbulaq, Kükü, Qızıl Qışlaq, Biçənək, Nursu, Badamlı, Keçili, Külüs və adını sadalamadığımız bir çox kəndlərində bir-birindən gözəl təbiət mənzərələri, zəngin fauna və floranın olması və daha nələr, nələr... buraya üz tutan yerli və xarici turistlərdə maraq yaradıb və hər səyahət etmək istədiklərində təkrar onların bu bölgələrə üz tutmalarına səbəb olub. Dövlət dəstəyi ilə bu bölgələrimizdə yaradılmış sosial infrastruktur, əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəldilməsi nəticəsində təkcə isti yay günlərində deyil, qarlı-şaxtalı qış aylarında da istirahət etmək üçün  Şahbuz rayonunun kəndlərinə üz tutmaq istəyənlərin sayı hər ötən il daha da artır.

Şahbuz  rayonun  bir çox kəndləri kimi, turistlərin daha çox üz tutduğu ünvanlardan biri zirvəsi qarlı dağlarla əhatə olunan Ağbulaq kəndidir. Təmiz havası, buz bulaqları ilə seçilən Ağbulaq muxtar respublikada ekoturizm mərkəzlərindən biridir. Son illərdə burada dövlətimiz tərəfindən turizm bölgələri yaradılıb və kəndin büsatı tamamilə dəyişdirilib. Kənd öz şöhrətini muxtar respublikanın hüdudlarından çox-çox kənarlarda da tanıdıb. Dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən kəndin coğrafi mövqeyi turizmin inkişafı üçün olduqca əlverişlidir. Turizmin inkişafı istiqamətində həyata keçirilən bütün bu tədbirlər Ağbulaq kəndini hər kəsin bircə dəfə də olsa, görmək istədiyi sevimli bir məkana çevirib.             

Ötən illərdə-2013-cü ildə kəndin böyük bir ərazisində Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilib. Bir neçə ildir ki, istifadəyə verilən bu mərkəz kəndə turist axınına səbəb olub. Həmçinin, bu istirahət mərkəzi sürətlə inkişaf etməkdə olan bir regionun füsunkar dağ kəndində təşkil oluna biləcək bütün xidmətlərini özündə əks etdirir. Mərkəzdə hər il gənclərin “Yay məktəbi”, eləcə də dövlət qulluqçularının şənbə, bazar günləri mənalı istirahəti təşkil olunur. Onlar burada xoş və mənalı istirahət edirlər. Qonaqlara həmçinin milli mətbəximizin dillər əzbəri olan təamları təqdim olunur. Bu nemətlərin də hamısı kənddə ailə təsərrüfatçıları tərəfindən hasilə gətirilən yerli məhsullardan hazırlanır. Mərkəzdə qonaqlar üçün əyləncəli saatlar da təşkil edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. 2018-ci ilin iyul ayında kənddə Xizək Mərkəzinin təməli atıldı. Qeyd edək ki, Azərbaycanda “Şahdağ” və “Tufandağ”dan sonra 3-cü dağ-xizək mərkəzinin yaradılması məhz Şahbuz rayonunun Ağbulaq kəndində gerçəkləşdi. Məlumdur ki, dağ xizəkçiliyinin inkişafı üçün təbii şərait mühüm amildir. Elə haqqında bəhs etdiyimiz Ağbulaq kəndinin də relyefi və iqlim xüsusiyyətləri burada xizək mərkəzinin yaradılmasına geniş imkanlar açır. Mərkəzdə ümumi uzunluğu 1590, eni isə 30 metr olan dağ-xizək enişi, 952 metr olan kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parklarının yaradılması, süni qaryaratma sistemlərinin qurulması istiqamətində işlər davam etdirilir. Dağ-xizək enişinin bir hissəsi hazırdır. Ərazidə turistlərin istirahəti üçün xidmət sahələri də fəaliyyət göstərəcək.

Hər yurdun-yuvanın, elin-obanın özünəməxsus xüsusiyyətləri olduğu kimi, Ağbulaq kəndinin də öz dünyası, öz aləmi var. Kənd bu gün özünün müasir inkişaf dövrünü yaşayır. Kənddə yaradılan şəraitin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə son zamanlar kənddə məskunlaşma xeyli artıb. Artıq Ağbulağı hər kəs bir turizm məkanı kimi tanıyır. Burada yaşayan yerli sakinlər öz evlərini istirahət üçün kəndə üz tutan yerli və xarici turistlərə kirayə verməklə və onları gündəlik qida məhsulları ilə təmin etməklə yaxşı gəlir götürürlər. Bütün bunlar kənd sakinlərinin rifahının daha da yaxşılaşmasına səbəb olub. Burada sakinlərin rahat və sağlam yaşayışı üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. Bütün bunlar insanlar tərəfindən razılıqla qarşılanır.

 

Turanə Baxşəliyeva

“Oğuz səsi”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: