Dünya Səhiyyə Təşkilatı kompüter və video oyunlarına aludəçiliyi rəsmi şəkildə xəstəlik kimi tanıyıb.
NUHÇIXAN xəbər verir ki, iyunun 18-də təşkilatın mənzil-qərargahının yerləşdiyi Cenevrə şəhərində elan olunan yeni psixi xəstəliklər kataloqunda kompüter oyunları aludəçiliyi siyahıda bəxt oyunları aludəçiliyi ilə yanaşı sıralanıb. Təşkilatın verdiyi açıqlamada aludəçiliyin kataloqa daxil edilməsinin, eyni zamanda, elmi tədqiqatlara stimul xarakteri daşıdığı da bildirilib.
Təşkilatın tövsifinə əsasən, dostlar və ailəyə qarşı biganə və etinasız münasibət, yuxu ritminin pozulması, qeyri-düzgün və qeyri-mütəmadi qidalanma və zövq almadan belə oyun oynama asılılığı bu xəstəliyin əsas əlamətləridir. Bu vəziyyət pasiyentlərin oyun üzərində nəzarəti itirməsi, oyun aludəçiliyinin digər fəaliyyət və maraqları üstələməsi, qeyri-sosial rəftar və digər çatışmazlıqlara gətirib çıxarır. Bu vəziyyətin azı bir ildən artıq davam etməsi tələb olunur ki, bu halı xəstəlik kimi dəyərləndirmək mümkün olsun.
Dünya Səhiyyə Təşkilatının bu addımını vaxtında atılmış addım kimi dəyərləndirənlərlə yanaşı, tənqid edənlər də çox olub. Belə ki, bir sıra oyunların maarifləndirici, terapevtik və antistres xüsusiyyətlərini nəzərə almadan bütün kompüter oyunlarına bir bucaqdan baxılması tənqidə tuş gəlib. Eyni zamanda, kompüter oyunlarına aludəçiliyin xəstəlik sayılması bu oyunları sağlam şəkildə və heç bir asılılıq olmadan oynayan insanlarla bağlı da stereotiplərin yaranması təhlükəsi meydana çıxıb.
Almaniyanın Münster Universitetinin kommunikasiya elmləri üzrə araşdırmaçısı Torsten Kvandt isə yaxın gələcəkdə mobil telefonlardan tutmuş sosial media asılılığına kimi bir sıra media aludəçiliyinin müstəqil media xəstəlikləri kimi sinifləşdirilməsini mümkün sayıb.
İnnsbruk Universitetinin Uşaq və Yeniyetmə Psixiatriyası Klinikasının mütəxəssisləri isə orta hesabla yeniyetmələrin üç faizinin internetdən asılı olduğu qənaətindədirlər, lakin bu rəqəm getdikcə yüksəlmə təhlükəsi altındadır.
Dünya Səhiyyə Təşkilatının hazırladığı yeni kataloq həkimlərə diaqnoz qoyuluşunda dəstək xarakteri daşıyır. Eyni zamanda, bu kataloq sığorta şirkətləri üçün də ödənişlərlə bağlı tövsiyə rolunu oynayır.