NUHÇIXAN xəbər verir ki, fevralın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyətinin yenidən təşkil olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Ülvi Hüseynli çıxış edərək bildirib ki, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə kütləvi informasiya vasitələri hərtərəfli maddi-texniki baza ilə təchiz olunub, onların fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb. Bu sahədə həyata keçirilən tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Televiziya və Radio Verilişləri Redaksiyasının yenidən qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə adıçəkilən media qurumu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tabeliyinə verilib. Bununla yanaşı Redaksiyanın nəzdindəki "Kanal 35" televiziyası və "Naxçıvanın səsi" radiosunun efir vaxtı 8 saat, yəni hər gün 16:00-dan gecə saat 12:00-dək müəyyənləşdirilib.
Ülvi Hüseynli Televiziya və Radio Verilişləri Redaksiyasının yeni baş redaktoru Ramal Məmişovu kollektivə təqdim edib və ona gələcək fəaliyyətdə uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri Rauf Əliyev, Mehriban Sultanova və Səməd Canbaxşıyev çıxış edərək muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dövlət qayğısından danışıblar.
Ramal Məmişov göstərilən yüksək etimada görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, fəaliyyətlərini verilən tapşırıqların icrası istiqamətində quracaqlarına söz verib.
“Şərq qapısı”