Taksi sürücüləri həm də şəhərimizin bələdçiləri, təbliğatçılarıdır

A- A A+

Ötən il Azərbaycana neftdən sonra gəlir gətirən sahə turizm olub. Bu  həm də ölkənin  inkişafında turizmin  mühüm rolu malik olduğunun sübutudur. Şübhəsiz, turistlər gəzinti üçün sakitlik, sabitlik olan bir yeri seçirlər. Bu baxımdan muxtar respublikamız  turistlərin üz tutduğu, dəyər verdiyi   məkanlardandır.  Ötən il 415 min 932 turist muxtar respublikamıza gəlib. Bu gün doğma diyara gələn turistlərin hər il sayı ona görə artmaqdadır ki, şəhər və kəndlərimiz yeni görkəmə salınıb. İnfrastruktur problemlərin tamamilə  həll olunması da turistlərin seçiminə təsir edir. Həmçinin, gözəl təbiətimiz, qonaqpərvər insanlarımız, daldı-tamlı milli mətbəximiz var. Təbii ki,  turistlərin muxtar respublikaya cəlbində nəqliyyat xidmətinin də böyük təsiri var. Bu məqsədlə 2016-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Turizmin inkişaf etdirilməsi və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilən müşavirədə  nəqliyyat vasitələrinin yüksək səviyyədə təmin edilməsi, nəqliyyat vasitələrinin tam nəzarətdə saxlanılması bir vəzifə kimi qarşıya qoyulub.

Nəqliyyat vasitələrindən isə turistlərə daha çox xidmət göstərən taksilərdir. Hazırda muxtar respublikada 496 taksi sərnişinlərə xidmət göstərir. Sözsüz ki, taksi sürücüləri sərnişinlərə xidmət göstərməklə yanaşı, həm də muxtar respublikanın təbliğatçıları kimi əhəmiyyətli bir vəzifəni yerinə yetirirlər. Bu mənada sürücülərin muxtar respublikamız haqqında  məlumatlandırılması vacib məsələdir.  Artıq iki ildir ki, taksi sürücülərinin maarifləndirilməsi tədbirlərinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən sürücülərin muzeylərə ekskursiyaları təşkil olunur.  Taksi sürücülərinin hər birinə muxtar respublikanın turizm mərkəzlərini,  muzeylərini, milli mədəniyyət nümunələrini özündə əks etdirən turist xəritələri paylanılıb.  Həmçinin Naxçıvan Universitetində Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə kurslar təşkil olunub, sürücülərə muxtar respublikanın tarixini, mədəniyyətini, turizm məkanlarını özündə əks etdirən materiallar paylanıb. Onlara xarici dil öyrədilib, sertifikatlar verilib.

Şübhəsiz, bu gün muxtar respublikanın möcuzəvi gücə malik Duzdağı, “Əshabi-Kəhf”i, mübarizlik, mərdlik təcəssümü Əlincə qalası var. Kənd turizminin  beşiyi olan  Ağbulaqda bu gün Xizək Mərkəzinin  qurulması turistlərin cəlbinə xidmət edir. Üzən adası, Zorbulağı, “gülü xalısı ilə bəzənmiş” Batabatı, dörd fəsil Göy gölü, çayları, şəlaləri, türbələri, muzeyləri Naxçıvanımızın dünənindən söz açır. Mehmanxanalar, restoran və kafelər bu sahədə əhəmiyyətli rol oynayır. Amma unutmayaq ki, turistlərin çoxu  muxtar respublikanın  gəzməli-görməli, tarixi yerləri, adət-ənənələri haqqında ilk məlumatları  taksi sürücülərindən alırlar. Sürücülərdən İlqar Hüseynov deyir ki, 20 ildir taksi fəaliyyəti ilə məşğulam. Bu gün gələn qonaqlara  daha yaxşı xidmət göstəririk. Çünki  keçirilən tədbirlər nəticəsində daha geniş məlumatlara malik oluruq.  Turistlər haranı seçəcəkləri barədə mənim rəyimi soruşanda  onlara xeyli köməyim dəyir və  razı da qalırlar.

Sözsüz ki, taksilərin səliqə-sahmanı, sürücülərin səmimiyyəti,  dürüstlükləri  də vacib şərtdir. Xarici dil bilmələri də ona görə lazımdır ki, dünyanın müxtəlif yerlərindən gələn qonaqlarla da  dioloq qura bilsinlər. Bununla bağlı sürücü Səyyad Quliyev deyir ki, fars, rus dillərini bilirəm və ingilis dilini də öyrənməyə çalışıram. Bu yaxınlarda polyak turistlər gəlmişdi, elə təyyarədən düşən kimi bizi Ordubada apar qayğanaq yeyək, dedilər. Apardım, çox xoşlarına gəldi. Üç gün onları gəzdirdim. Batabat, Əlincə qalası, “Əshabi-kəhf”, Göy gölə getdilər. 

40 ilə yaxın taksi sürücüsü  təcrübəsinə malik Natiq  Orucov deyir ki, turistlər Duzdağa,   Batabata çox gedirlər. Hamısı da Naxçıvanın təmizliyinə, səliqə-sahmanına vurulurlar. Onlara qiymət məsələsində də güzəştə gedirik ki, muxtar respublikamızdan yaxşı təəssüratla ayrılsınlar ki, yenidən gəlsinlər.

Yaxşı haldır ki, respublikamızda qadın sürücülər də taksi fəaliyyətinə başlayıb. Onlardan biri olan İlkanə Əsgərova  hələ iki aydır ki, fəaliyyətə başlayıb. Deyir ki, nahar etmək üçün yaxşı bir yer soruşanda şəhərimizdəki yeməkxana və restoranların  yaxşı olduğunu deyirəm. Gözəl qış mənzərəsi görmək üçün ucqar kənd soruşanlara Ağbulağı, Kükünü məsləhət görürəm.

Ümumiyyətlə, taksi sürücüləri həm də muxtar respublikanın təbliğatçılarıdır. Qədim yurda ayaq basan turistləri onlar qarşılayıb, yola salırlar. Həm də ən yaxşı bələdçilərdir. İşini sevərək yerinə yetirən taksici həm də ölkədə turizmin inkişafına xidmət edir. Uğurlar olsun...

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: