Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə NUHÇIXAN-a Ombudsman Aparatından məlumat verilib.
Bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı olaraq Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib, dinc əhaliyə qarşı soyqırımı törədilib. Artıq Xocalı faciəsindən 28 il ötür. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Qeyd edilir ki, 1994-cü ilin fevralında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral tarixi Xocalı soyqırımı günü elan olunub.
BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını məhz soyqırımıdır.
Xocalıda törədilən soyqırımı azərbaycanlılara qarşı törədilən ilk sistemli cinayət aktı deyil, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərinin işğalı ilə yanaşı, qabaqcadan düşünülmüş şəkildə mülki azərbaycanlılar xüsusi amansızlıqla qətlə yetirilib. Bundan başqa, Qaradağlı kəndində 80 nəfərdən çox, Ağdaban kəndində 67 nəfər mülki əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla insan girov götürülüb, itkin düşüb, kəndlər isə yandırılaraq yer üzündən silinib.
Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz fonunda törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi, Avropa Parlamentinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi bir daha sübut edir.
Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, həmçinin xalqımıza qarşı törədilən cinayətlərə ədalətli siyasi-hüquqi qiymətin verilmədiyini dəfələrlə mötəbər beynəlxalq tədbirlərdə bəyan edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işə mühüm töhfədir.
Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.
Xocalı faciəsi zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir.
BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına görə, soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar.
Bəyanatda deyilir: “75 il öncə Nizamnaməsi qəbul olunarkən BMT-nin elan etdiyi prinsiplərə və 2030-cu ilə qədər dünyanı inkişafa hədəfləyən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu mötəbər beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş konvensiyaların müddəaları, həmçinin Təhlükəsiz Şurasının qətnamələri qeyd-şərtsiz icra edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarına qayıtmalı, əsir və girovlar azad edilməli, Xocalıya ədalət təmin olunmalıdır”.
Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, BMT-nin qaçqınlar üzrə ali komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNİCEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarına göndərilib.