Mineral sular muxtar respublikamızın iqtisadiyyatına töhfələr verir - FOTOLAR

A- A A+

Mineral sular dünyada qeyri-bərabər yayılmaqla bəzi yerlərdə böyük quyular və hövzələr, bəzi yerlərdə isə kiçik bulaqlar şəklində mövcuddur. Fərqli növlərdə olan mineral sular, insanlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə edilməkdədir. Bir sıra xəstəliklərin müalicəsində, su tələbatının ödənilməsində, turizm potensialının təbliğində onların əhəmiyyətli rolu vardır. Təbiətin əsas neməti olan bu cür resurslar artıq ölkələr tərəfindən geniş məqsədlərin həyata keçirilməsi üçün istifadə olunmaqdadır. 

Mineral sular həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir. Artıq dünyanın bəzi inkişaf etmiş dövlətlərində qablaşdırılmış su istehsalı ümumi sənayenin bir hissəsi kimi qəbul olunur. Hazırda dünya iqtisadi sistemində butulka sənayesinin dəyəri milyon dollarlarla ölçülür. Araşdırmalar göstərir ki, son 15-20 ildə dünyada istifadə olunan mineral suyun miqdarı ­nəzərəçarpacaq dərəcədə çoxalıb. Xüsusən inkişaf etmiş ölkələrə xarakterik olan bu xüsusiyyət onunla əlaqələndirilir ki, bu ölkələrdə əhalinin böyük əksəriyyəti iri şəhərlərdə məskunlaşıb. Qablaşdırılmış mineral sular həcminə görə Amerika Birləşmiş Ştatlarında mühüm içki kateqoriyasındadır.

Bu gün mineral suların istehsalı və satışı bazarında geniş rəqabət mövcuddur. İrili-xırdalı xeyli sayda firmaların məhsullarının bazarlara çıxarıldığını nəzərə alsaq, onların sırasında keyfiyyətsiz və istifadəyə yararsızlarının da olduğunu söyləmək olar. Ona görə də istifadəçilər daha çox dağlardan axıb gələn təbii mənşəli və sertifikatlaşdırılmış istehsala əsaslanan məhsullara üstünlük verməlidirlər.

Ümumi olaraq mineral suların iqtisadi baxımdan səmərəliliyindən danışarkən qeyd etməliyik ki, hər hansı bir bölgədə belə suların mövcud olması məhsulun qablaşdırılması üçün müəssisə və sənaye obyektlərinin yaradılması zərurətini də ortaya çıxarır. Bu da əlavə gəlir və iş yerləri deməkdir. Eyni zamanda təcrübə göstərir ki, yeraltı sularla zəngin olan bölgələr zaman keçdikcə turistlərin diqqətini də cəlb edir.

Məlum olduğu kimi, mineral bulaqların əsas yayılma areallarından biri də ölkəmizin dilbər guşələrindən hesab olunan Naxçıvan Muxtar Respublikasıdır. Bəzi mənbələrdə göstərilir ki, ölkəmizdə mövcud olan mineral bulaqların 30-35 faizi məhz muxtar respublika ərazisindədir. Burada müxtəlif tip karbonatlı suların olması ərazinin zəngin hidromineral ehtiyatları ilə əlaqəlidir. Bu zənginlik hesabına muxtar respublika ərazisi “Mineral sular muzeyi” adlandırılır. Təhlillər göstərir ki, uzun zamandan bəri ərazidə mövcud olan mineral suların böyük əksəriyyəti görülən işlər nəticəsində müalicəvi faydaları ilə bərabər, iqtisadi töhfəsini də verməkdədir. Belə ki, bu gün muxtar respublikamızda istehsal olunan suların ­əksəriyyəti daxili tələbatı lazımınca təmin etməklə yanaşı, həm də xarici bazarlara və qonşu ölkələrə də ixrac olunur.

Naxçıvanda hazırda istehsal olunan, qablaşdırılan və satışı təşkil edilən sular arasında “Badamlı”, “Sirab”, “Çınqıllı”, “Gülüstan”, “Böyrək suyu” xeyli üstünlük təşkil edir ki, onların istifadə tarixi bir neçə onilliklər öncəyə gedib çıxır. Günümüzdə isə bu suların markalarına artıq, demək olar ki, ölkəmizin bütün regionlarında rast gəlmək mümkündür. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda istehsal olunan və İSO 9001-2015 və İSO 22000-2005 sertifikatlarına layiq görülən “Badamlı” və “Sirab” süfrə suları ölkəmizdən kənara da ixrac edilir, bir çox beynəlxalq sərgilərdə “Made in Azerbaijan” brendi altında təmsil olunur. Yeri gəlmişkən, bu mineral sular bir sıra mükafatlara da layiq görülüb.

Mineral sularla yanaşı, təbii mənşəli “Çınqıllı” və “Böyrək suyu” da müəyyən əhəmiyyətə malikdir. Düzdür, “Sirab” və “Badamlı” qədər məşhur olmasalar da, bunlar muxtar respublikada ucuz və keyfiyyətli içməli suya olan tələbatın ödənilməsində əsas məhsullardır və gələcəkdə onların da ixracı gözlənilir.

Bəs qeyd olunan suların iqtisadi baxımdan effektivliyi necə qiymətləndirilə bilər? Vurğulanmalıdır ki, bu mineral sular daxili tələbatın ödənilməsində də müəyyən rola malikdir. Baxmayaraq ki, muxtar respublikada idxal olunmuş digər şirəli və qazlı içkilər də satılır, lakin yerli təbii süfrə sularına tələbat daha çoxdur. Əhali, əsasən, keyfiyyətcə üstün, ekoloji sağlam və xüsusilə də bir sıra müalicəvi xüsusiyyətlərə malik yerli məhsullara üstünlük verir. Digər tərəfdən, istehsal olunan bu məhsulların qiymətləri olduqca sərfəlidir və hər kəsin büdcəsinə uyğundur. Demək olar ki, müvafiq müəssisələrin, restoran və mağazaların ilin hər fəslində süfrə suyuna olan tələbatı lazımınca ödənilir. Bu gün muxtar respublikada toy və şadlıq mərasimlərində yerli istehsal olan sular üstünlük təşkil edir ki, bu da əhalinin xərclərinin tənzimlənməsinin əsas meyarıdır. Eyni zamanda “Sirab” və “Badamlı” mineral suları hazırda ölkəmizdə ən ucuz satılan mineral sular arasında yer alır. Bu sular ölkəmizə idxal olunan digər mineral sulardan fərqli olaraq istehlakçılara daha ucuz qiymətə təklif olunur.

Bunu da qeyd edək ki, “Badamlı” mineral suyunun istehsal olunduğu müəssisə 2019-cu ildə yenidən qurulub, burada quraşdırılan müasir avadanlıqların sayəsində zavodun istehsal gücü artırılıb. O cümlədən “Sirab” mineral suyunun istehsal olunduğu müəssisə də son illərdə yeni texnoloji avadanlıqlarla təmin olunub. Gələcəkdə hər iki müəssisənin məhsullarının Avropa bazarlarına çıxarılması planlaşdırılır. Hesab edirik ki, olduqca faydalı və ekoloji cəhətdən təmiz olan bu məhsulların ixrac potensialının artırılması gələcəkdə muxtar respublika iqtisadiyyatının maliyyə dayanıqlılığının gücləndirilməsinə və şaxəli inkişafına stimul verəcəkdir.

Eltun İBRAHİMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: