Muzeylərin rəsmi internet saytları istifadəyə verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinin 6 əsas, 5 altbölmədən ibarət bayraqmuzeyi.nmr.az rəsmi internet saytı istifadəyə verilib. Saytın ana səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamı, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı haqqındakı dəyərli fikirləri və muzeyin ekspozisiyasından görüntülər yer alır.

Saytın altbölmələrində izləyicilər muzey haqqında məlumatlarla, rəsmi sənədlərlə, Dövlət Bayrağı ilə bağlı yazılan məqalələrlə, keçirilən tədbirlərlə, muzeydə yerləşən bayraqlarla yaxından tanış olmaq imkanı əldə edirlər. “Virtual səyahət” bölməsi vasitəsilə dünyanın müxtəlif ölkələrindən muzeyi virtual olaraq gəzmək mümkündür. “Fotoqalereya” və “Videoqalereya” bölmələrində muzey və ekspozisiya haqqında foto­şəkil və videolar yerləşdirilib. “Əlaqə” bölməsində muzeyin ünvanı, e-mail adresi və telefon nömrəsi ilə bağlı məlumatlar var.

“Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən bu mədəniyyət müəssisəsinin də rəsmi internet saytı istifadəyə verilib.
Özünəməxsus dizaynı ilə seçilən portal 6 əsas və 8 altbölmədən ibarətdir. tarixmuzeyi.nmr.az elektron ünvanı ilə təqdim olunan saytın ana səhifəsində izləyicilər Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasından görüntülərlə tanış ola, bölmə və altbölmələrə keçid edə bilərlər. “Muzey haqqında” bölmə 4 altbölmədən ibarətdir. Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamı yerləşdirilib, muzey və ekspozisiya zalları barədə ətraflı məlumatlar öz əksini tapıb.
Portalın maraq cəlb edən bölmələrindən biri də “Elektron kitabxana”dır. Burada qədim diyarımızın tarixi və Naxçıvan Dövlət Tarix Muzeyi ilə bağlı çap olunmuş dəyərli kitabların, elmi mənbələrin elektron variantları yerləşdirilib. Saytın “Media bölməsi” tədbirlər, məqalələr, fotoqalereya və videoqalereya olmaqla, 4 altbölmədən ibarətdir. Bu bölmələrdə izləyicilər muzey haqqında müxtəlif multimedia materialları ilə tanış ola bilərlər. Burada muzeydə keçirilən tədbirlər, məqalələr, eyni zamanda muzey ekspozisiyasının fotoşəkil və videolarını da izləmək mümkündür. “Virtual səyahət” bölməsi isə Naxçıvan Dövlət Tarix Muzeyinə virtual səyahət imkanı yaradır. Buraya keçid etməklə dünyanın istənilən nöqtəsindən muzeyin ekspozisiyası ilə əyani tanış olmaq mümkündür. Saytda “Bizimlə əlaqə” bölməsi də yaradılıb ki, burada muzeyin ünvanı, əlaqə telefonları, elektron poçt ünvanı və sosial şəbəkə hesabları barədə məlumatlar yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: