Qədim yurd yerlərimiz: Yengicə - FOTOLAR

A- A A+

Şərur rayonundakı Yengicə kəndi qədim yaşayış məskənlərindən biridir. 1728-ci ilə aid “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə göstərildiyi kimi, bu kəndin birinci, yəni ilk adı Qazançılar olub. Qazançılar adı isə bəlli olduğu kimi, Kazan/Qazan sözündən yaranıb. Görkəmli Azərbaycan alimi Qiyasəddin Qeybullayevin tədqiqatlarından aydın olur ki, Kazan Azərbaycan  ərazisində mövcud olmuş  Albaniyaya beşinci əsrdə öz tayfası ilə gəlmiş bir elbəyin adıdır. Bu, geniş yayılmış türkmənşəli addır. “Kitabi-Dədə Qorqud” dastanındakı Kazan adı  ilə müqayisə olunur. Məlum olduğu kimi, Kazan türklərin (məsələn, qazaxların) xalq təqvimində oktyabr ayının adıdır. Deməli, uşaq kazan ayında doğulduğuna görə ona bu ad verilibdir. Belə ənənə bizdə də olubdur. Mövlud, Oruc, Məhərrəm, Novruz və s. bu kimi adlar ən çox bu günlərin qeyd edildiyi aylarda doğulmuş uşaqlara verilirdi.

Qazançı etnonimi isə türk boylarının bir qolu olub. Türk bolqarlar bizim eranın ikinci əsrində Cənubi Qafqaza, o sıradan Albaniya ərazisinə gəliblər. Biləsuvar rayonundakı Bolqarçay toponimi bu tayfanın adını saxlayıb. Bolqarların Kuvyar, Çakar, Kul və Kazan qollarının adları isə Xubyarlı, Çaxırlı, Qullar və Qazançı toponimlərində qalıbdır.

Tədqiqatçıların fikrinə görə, Cənubi və Şimali Qafqazda, Orta Asiyada kazan/qazan sözünün iştirak etdiyi külli miqdarda toponim mövcuddur. Maraqlıdır ki, bu söz həm kənd, həm dağ, həm də bulaq adlarında vardır.

Türkdilli qədim bulqarların kazan/qazan tayfası haqqında “Azərbaycan toponimləri. Ensiklodedik lüğət”də belə bir məlumat diqqəti çəkir ki, kazan/qazan tayfaları ilk dəfə bizim eradan əvvəl 2-ci əsrdə bulqarların tərkibində Zaqafqaziya ərazisinə gəliblər. Eramızın ilk əsrlərində hunların, onların ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşıblar. Oktyabr inqilabına qədər Qafqazda qazan etnonimi ilə bağlı 24 coğrafi ad vardı. Cənubi Azərbaycan ərazisində, habelə Ukrayna, Başqırdıstan, Tatarıstan, Qərbi Sibir və s. yerlərdə də qazanlarla bağlı toponimlər var.

Göründüyü kimi, Qazan şəxs adı, qazan etnonimi və onların Azərbaycan ərazisində məskunlaşmaları haqqında fərqli fikirlər mövcuddur. Bütün bunlara baxmayaraq, şübhəsiz ki, Qazançı, Qazançılar adlı oykonimlər etnonim adını özündə yaşadır, yəni həmin etnonimə aid insanların yaşadığı yer onların adı ilə adlandırılıb. Belə kənd adları etnooykonim kimi qəbul edilir.

Qazan sözü ilə bağlı toponimlər, adətən, iki qismə ayrılır. Bunların bir qismi bolqar (bulqar) etnosuna mənsub qazan, qazançı, qazançılar tayfasının, nəslinin, tirəsinin adını əks etdirirsə, digər qismi (dağ, qaya və s. adları) onların zahirən qazana oxşarlığını bildirir.

Kənd sonralar Yengicə (Yenicə) adlandırılıb. Yengicə Yenicə sözünün fonetik şəklidir. Yengicə və Yenicə adlanan kəndlər əhalinin müəyyən hadisə ilə əlaqədar (əsasən, torpaq çatışmazlığına görə) ana kənddən köçüb kənar yerdə yeni yaşayış məntəqəsi salması nəticəsində yaranıbdır. Yaşayış yerinin adı Azərbaycan dilinin öz daxili imkanları əsasında yarandığından şəffaf toponimlər qrupuna daxildir və “yeni kənd” mənasındadır.

Budaq Budaqov və Qiyasəddin Qeybullayev bu oykonimlərin yaranma səbəbini aşağıdakı kimi izah edirlər: “Yengicə (Türk dillərində yenğı “təzə”, “yeni”) və Yenicə dedikdə oturaq kənddən bir qrup ailənin (yaxud bir nəslin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə nəzərdə  tutulurdu. Yengicə (və Yenicə) adlandırılan belə məntəqə ana kəndin tərkib hissəsi olaraq qalırdı və vergini də birlikdə verirdi”.

Tədqiqatçılardan Adil Bağırov da B.Budaqov və Q.Qeybullayevin fikirləri ilə həmrəylik ifadə edir. “Azərbaycan dilinin izahlı lüğəti”nə istinad edən A.Bağırov yazır ki, Yengicə sözü Azərbaycan dilində “yenicə”, “az əvvəl”, türk dillərində “təzə”, “yeni” anlamlarında işlənir və oturaq kənddən bir qrup ailənin (yaxud bir nəslin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə nəzərdə tutulur.  Demək, Yengicə “yeni salınmış kənd”, “icma torpağında yaranmış məntəqə” mənasındadır.

Yengicə sözü onomastik leksikaya daxil olmamışdan, yəni xüsusi ad kəsb etməmişdən əvvəl apelyativ leksikaya aiddir, yəni ümumi söz kimi dilimizdə təşəkkül tapıb. Məşhur dil tarixçisi Hadi Mirzəzadə özünün “Azərbaycan dininin tarixi qrammatikası” kitabında “yengi” sözünü izah edərkən göstərir ki, “yengi” təxminən, XIX əsrin ortalarına qədər əski formasını saxlanıb get-gedə “n”-nın tərkibində olan q(g) samitinin zəifləyib düşməsi ilə “yeni” şəklində sabitləşib. Yengi sözünün özünə gəldikdə bu, yalnız Azərbaycan dilində deyil, eyni zamanda bütün türk xalqlarının yazısında müştərək bir orfoqrafiyaya malik olubdur. Yengi sözünün “yeni” şəklində yazıldığını M.F.Axundzadənin yazılarında da görürük... Yengi sözünün qədim imlası, demək olar ki, XX əsrin əvvəllərində yazılmış bir sıra dərsliklərin dilində olduğu kimi saxlanıbdır.

Alimlərdən İbrahim Bayramov toponimin təzə mənasında işlənən yengi sözü ilə -cə şəkilçisinin birləşməsindən əmələ gəldiyini qeyd edərək yengi sözünü ədəbi dilimizdə işlənən yeni sözünün dialekt variantı hesab edir. Yengi sözü hazırda Azərbaycan şifahi və yazılı ədəbi dilində “yeni” sözü ilə əvəz olunubdur. Yengi sözü yalnız əski yazılarda və toponimlərdə qalmaqdadır.

Toponimlərdə görünən –ca  -cə şəkilçisi, əsasən, sifətlərə, bəzən xüsusi və ümumi isimlərə, bir neçə qeyri-müəyyən saya artırılır. Toponimlərdə ərazilərin və məntəqələrin səciyyəvi cəhətlərini özündə əks etdirməyə xidmət edir. Yengi/yeni sözünə artırılan –cə şəkilçisi eyni zamanda topoformant funksiyasını yerinə yetirərək, həmin sözü “yeni kənd, təzə kənd” mənasında oykonimləşdirib.

                                                                Akif İmanlı

                                                Naxçıvan Müəllimlər İnstitutunun  professoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: