Dövlət orqanlarında vakant dövlət vəzifələrinin tutulması üçün 2019-cu il sentyabrın 18-dən elan edilmiş müsabiqənin müsahibə mərhələsinə bu gündən start verilib.
NUHÇIXAN xəbər verir ki, müsahibədə ilk olaraq Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmək istəyən namizədlər iştirak ediblər. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında 203 nəfərlə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 95 nəfərlə Dövlət Statistika Komitəsi, 67 nəfərlə Təhsil Nazirliyi və 37 nəfərlə Maliyyə Nazirliyi üstünlük təşkil edib.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.
Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilir.
Qeyd edək ki, 23 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 225 vakant vəzifənin tutulması üçün 574 namizəd sənəd təqdim edib. Test mərhələsində müvafiq keçid balını toplamış 269 namizəddən 267-si müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Komissiyaya təqdim edib. Digər dövlət orqanları üzrə müsahibələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq bu il martın 6-dək davam edəcək.
Mahmud Hüseynov