Dilimiz milli sərvətimizdir

A- A A+

Dil - bir millətin millət kimi formalaşıb özünün dünyanın digər xalqları arasında təsdiqləməsində xüsusi əhəmiyyət daşıyan ünsürlərdən biridir. Dil bütün millətləri birləşdirən, onun tarixin müxtəlif ağır sınaqlarından keçməsində müstəsna rol oynayan, varlığını bütün bəşəriyyətə çatdıran, onun müstəqilliyinin, suverenliyinin simvollarından biridir.

YUNESKO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Bu günün qeyd olunmasında məqsəd ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarətdir.

Məlum olduğu kimi, dilimizə qarşı düşmənlərin hər zaman məkirli niyyətləri olub. Təkcə XX əsrdə əlifbamız sovet imperiyasının əsarəti altında üç dəfə təzyiqə məruz qalıb. Yalnız 2001-ci ildə ümummilli lider Heydər Əliyev sayəsində rəsmi olaraq latın əlifbasına keçildi, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qüvvəyə mindi. Ana dilimizi milli varlığımız hesab edən ulu öndər deyirdi: “Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli yer tutması üçün daha geniş perspektivlər açılmışdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır”...

Nəhayət, 2003-cü ildə “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunun qəbul olunması Ümummilli lider Heydər Əliyevin bu işdə nə qədər həssas və tələbkar olduğunu bir daha sübut etdi. Lakin bununla da görülən işlər bitmir. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev bu sahədə görülən işləri  uğurla davam etdirərək dilimizin inkişafina və tətbiqi işinə xidmət edən yeni qərarlar qəbul edib. Prezident İlham Əliyev 12 yanvar 2004-cü il tarixdə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam imzalayaraq dövlətçiliyimizin təməl daşlarının möhkəmlənməsi sahəsində böyük addım atdı. Xüsusi qayğı baxımından dövlət başçısının Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında 12 yanvar 2004-cü il tarixli Fərmanı əhəmiyyətlidir. O zamandan etibarən hər il avqust ayının 1-i Ana Dili Günü kimi qeyd olunur.

Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizi bu gündə yaşatmağa kömək edən bir dildir. Dilimiz milli sərvətimizdir. Hər şey ana dilindən başlayır və o, ana südü qədər müqəddəsdir.

Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var. Ancaq dili yalnız proqram çərçivəsində öyrənmək kifayət deyil. Öyrənərkən dili sevməyi və gələcəyinizə sevə-sevə aşılamağı bilməliyik. Çünki ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir.  Ana dili bizim varlığımız, vüqarımız, iftixarımızdır.

Dilin gözəlliyi həm də onu işlədənlərdən, onların nitq bacarığından asılıdır. Biz bir vətəndaş kimi çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız, və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir. Onu inkişaf etdirməli qat-qat artıq zirvələrə çıxartmalıyıq. Çünki inkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də bizlərə ulu babalarımızdan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun vətəndaşlıq borcudur.

Həzrət Əliyə məxsus fikirdir: "Dilini gözəl sözlərə öyrətsən, qınaqdan qurtararsan". Maraqlıdır ki, bu müdrik tövsiyədə "gözəl sözlər işlət" deyilmir. Məhz "gözəl sözlərə öyrət" məsləhət görülür. Çünki öyrənilən əbədidir, qalasıdır, yaşayandır!

"Dil ağlın ifadəsidir". Deməli, ana dilinə məsuliyyətlə yanaşmaq hər kəsin öz daxili aləminin, mənəviyyatının əks-sədasıdır. Daha dəqiq söyləsək, güzgüsüdür. Azərbaycan dili statuslu, minillik yaddaş tariximizin bütün incəliklərini ifadə etmək iqtidarında olan, həyatın bütün sahələrinin modullarını özündə əks etdirən, bütün təqiblərə, təzyiqlərə müqavimətli, dünya dilləri sırasında bərabər hüquqlu mövqeli, zəngin yazılı və şifahi ədəbiyyatı olan dildir. Dil millətin hər bir nümayəndəsinə xidmət edən və ən azı bu xidmətə görə hər birimizin borclu olduğumuz sahədir. Və sözün geniş mənasında milli mənlik şüurunun fövqündə dayanan sahədir. Hər birimiz dilin bizə olan xidməti qarşısında onu qorumalı və yaşatmalıyıq.

Dil hər bir xalqın etnik fərdiliyini özündə təcəssüm etdirən çox mühüm bir amildir. Hər bir xalqın dili onun siyasi, ictimai, mədəni həyatı ilə sıx bağlı olur. Həmin sahələrdəki dəyişikliklər, bir qayda olaraq dildə də öz əksini tapır. Dil tarixinin müxtəlif dövrlərə və həmin dövrlərin çeşidli mərhələlərə ayrılması da xarici və daxili amillərdən asılı olur. Bu dövr və mərhələlər özündən əvvəlki dövrə və ya inkişaf mərhələsinə görə yeni dövr və ya yeni mərhələ adlanır. Əski türk dillərindən olan Azərbaycan dili də bu baxımdan istisnalıq təşkil etmir..

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa imkan yaradır.

Təbii ki, dilin təşəkkülü həmişə müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb bir yol keçmişdir.

Ümummilli lider Heydər Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil xalqın milli sərvətidir. Onunla bağlı müxtəlif qərarlar, fərmanlar imzalamaqda məqsəd bu olub ki, ana dilimiz hərtərəfli inkişaf etsin. Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə quruluşun müxtəlif təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ulu öndər həmişə dili ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Məşhur bir ifadəsi böyük mənalar, duyğular kəsb edirdi: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz". Ulu öndər Heydər Əliyev Azərbaycan dilini millətin milliliyini saxlayan ən böyük vasitə sayırdı.       
Bir məsələni də təəssüflə bildirək ki, bəzən dilin qorunmasına, zənginləşməsinə mənəvi borcu olanlar belə, ana dilimizi korlayırlar. Azərbaycanda söz meydanı indiki kimi bu qədər geniş və zəngin olmayıb. Təəssüf ki, çoxu bu imkandan qədərincə bəhrələnə bilmir. Dil torpaq sahəsi deyil ki, onu istədiyin şəkildə şumlayıb müəyyən formaya salasan, sinəsinə qondarma ifadələri toxum kimi səpəsən. Dünyaya göz açanda laylanı hansı dildə eşidibsənsə, orta məktəbdə hansı dilin qrammatikasını öyrənibsənsə, elə o dildə də yazmalısan, danışmalısan. Ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hamının borcudur!

Sangur  Günel

Elmi Metodik Mərkəzin böyük elmi işçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: