Cəlil Məmmədquluzadə irsi və onun Ədəbiyyat muzeyində təbliği

A- A A+

“Dünyada hər kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır ” – deyən böyük yazıçı, ictimai xadim, mütəfəkkir, məşhur  “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadə əsərləri ilə Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlər göstərib.

Cəlil Məmmədquluzadə məslək adamı olub. O, xalqın azadlığı üçün yollar axtarıb, qurtuluşu üçün çarələr düşünüb. Bir dəfə yazıçı dostları Cəlil Məmmədquluzadəyə ehtiyatlı olmağı, özünü düşmənlərdən qorumağı məsləhət görüb, ədib isə onlara belə cavab verib: “Mənim məqsədim eybəcərlikləri görmək, gülmək və yazmaqdır. Adını yazıçı qoyub ortalığa çıxan gərək hər bir vəziyyəti nəzərdə tutsun. Yəqin ki, haqqı müdafiə edən yazıçının düşməni çox olacaq... Düşməndən qorxanın adını yazıçı qoymağa haqqı yoxdur”.

Cəlil Məmmədquluzadənin bədii nəsri Azərbaycan ədəbiyyatında yeni ədəbi hadisə idi. O, ədəbiyyatımızda kiçik hekayənin böyük ustadı kimi daha çox şöhrət qazanıb. Onun hekayələri, əsərləri yaşadığı dövr Azərbaycan həyatının güzgüsüdür. Real həyat hadisələrinin tipik bədii vasitələrlə təqdim edilməsi, sıravi, zəhmətkeş insanların maraqlı və qəribə taleyinin təsviri, milli oyanış və dirçəlişə çağırış, sadə dil və üslub yazıçının bədii nəsrinin əsasını təşkil edir.

Həyatının, elmi, ədəbi-ictimai fəaliyyətinin ən yüksək mənasını, amalını doğma xalqına, Azərbaycan ictimai fikrinin inkişafına və tərəqqisinə xidmət etməkdə görən görkəmli ədib yazırdı: “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı”. Ömrü boyu xalq üçün yazıb-yaradan, vətənin, millətin tərəqqisi naminə çalışan böyük sənətkarın xatirəsi daima uca tutulur, ehtiramla yad edilir.

Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyev görkəmli ədibin yaradıcılığına, çoxşaxəli fəaliyyətinə, əsərlərinin müasirlik keyfiyyətinə xüsusi dəyər verərək deyiridi: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş, dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir o, bu gün bizimlədir, bizim sıramızdadır.”

Böyük ədibin əvəzedilməz xidmətləri xalqımız tərəfindən layiqincə qiymətləndirilib, onun adının əbədiləşdirilməsi məqsədilə bir sıra elm, mədəniyyət, təhsil müəssisələrinə adı verilib. Onlardan biri də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyidir. Ədəbiyyat Muzeyi böyük yazıçının anadan olmasının 100 illik yubileyinin Azərbaycanda geniş qeyd olunduğu zaman-12 iyun 1967-ci ildə açılıb.

Ədəbiyyat muzeyinin fəaliyyətində Mirzə Cəlil yaradıcılığının toplanması, öyrənilməsi və tədqiqi əsas yerlərdən birini tutur. Muzeyin ekspozisiyasının geniş bir hissəsi Mirzə Cəlil dünyasına və onun redaktoru olduğu “Molla Nəsrəddin” jurnalına, mollanəsrəddinçi şair və yazıçılara həsr edilib. Muzeyin ekspozisiyasında böyük ədibin ömür-gün yoldaşı, görkəmli maarifpərvər, ziyalı Həmidə xanım Məmmədquluzadə, oğlanları Midhət və Ənvər, qızı Münəvvər xanım haqqında müxtəlif sənədlər, yazılar yer almaqdadır. Xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən işlənmiş “Cəlil Məmmədquluzadə həyat yoldaşı Həmidə xanımla  “Molla Nəsrəddin” jurnalı redaksiyasında”, Qədirulla Bağırov “M.Ə.Sabir və C.Məmmədquluzadə”, Rəhim Əlizadə “Mirzə Cəlil düşünür” portretləri, xalq rəssamı, heykəltaraş Hüseynqulu Əliyevin “Ölülər” əsərində Kefli İsgəndər, “Poçt qutusu” hekayəsində Novruzəli surətləri, “Molla Nəsrəddin” obrazı, Elcan Şamilovun “Cəlil Məmmədquluzadə” metaldan barelyef, Fuad Nəcəfovun “Cəlil Məmmədquluzadə və M.Ələkbər Sabir birlikdə” heykəli və başqa sənət əsərləri muzeyin ekspozisiyasında nümayiş olunan maraqlı eksponatlardandır. Ekspozisiyada  Cəlil Məmmədquluzadənin əsərlərinə çəkilmiş bir-birindən maraqlı illüstrasiyalar vardır ki, burada rəssamlar ədibin yaratdığı surətlərin daxili aləmini öz fırçalarında əks etdiriblər. Bu illüstrasiyalardan Oqtay Sadıqzadənin “Ölülər”, “Danabaş kəndinin əhvalatları”, “Qurbanəli bəy”, Davud Kazımovun  “Kişmiş oyunu”, “Poçt qutusu”, “Usta Zeynal”, “Anamın kitabı” və başqalarını göstərmək olar.

Qeyd etmək yerinə düşər ki, mahir qələm ustasının həyatı, bədii yaradıcılığı, ictimai fəaliyyəti ədəbiyyatşünaslıq elminin diqqətindən yayınmayıb. Azərbaycan ədəbiyyatşünasları istər “Molla Nəsrəddin” jurnalı, istərsə də ayrı-ayrı mollanəsrəddinçilər haqqında, xüsusilə Cəlil Məmmədquluzadə kimi klassikin yaradıcılığı haqqında qiymətli tədqiqat əsərləri, monoqrafiyalar yaradıblar.  Fondda və ekspozisiyada  Mirzə Cəlil sənətini sevən, tədqiq və təhlil edən ədəbiyyatşünas alimlərdən Əziz Şərif, Abbas Zamanov, Cəfər Xəndan, Əli Nazim, Qulam Məmmədli, Əli Sultanlı, Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov, Əziz Mirəhmədov, Mircəlal Paşayev, Firudin Hüseynov, Xeyrulla Məmmədov,  İsa Həbibbəylinin və başqalarının avtoqrafla hədiyyə olunmuş kitabları mühafizə və nümayiş olunur.

Zamanın, dövrün ən mürəkkəb sınaqlarından mərdliklə çıxaraq heç vaxt öz amalından, xalqa xidmət yolundan dönməyən Mirzə Cəlilin mükəmməl ədəbi irsi gənc ədəbiyyatşünas alimlərimiz tərəfindən öyrənilir və yeni-yeni tədqiqat əsərləri yazılır.

Ədəbiyyat muzeyində bu gündə   Cəlil Məmmədquluzadə ədəbi irsinin öyrənilməsi, yeni elmi materialların əldə edilməsi işi uğurla davam edir

                                                         Günel Novruzova

                    Cəlil Məmmədquluzadə adına

                                Naxçıvan Muxtar Respublika Ədəbiyyat  Muzeyinin  baş fond mühafizi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: