Naxçıvan İslami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək - FOTOLAR

Qədim Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” olması ilə bağlı keçiriləcək tədbirlər

A- A A+

Müasir dünyada ölkələr arasındakı müəyyən münasibətlərin qurulmasında, əlaqələrin inkişaf etdirilməsində mədəniyyət amili mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev mədəniyyətə çox yüksək qiymət verərək deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Həqiqətən də maddi və mənəvi ünsürlərin formasiyasını özündə cəmləşdirən mədəniyyət xalqların həyatında mühüm rol oynayır. Müasir dövrdə mədəniyyətlərarası dialoq, mədəni inteqrasiya ölkələrin və xalqların bir-birini daha yaxından tanımasına imkan verir. Bu mənada mədəniyyət paytaxtları (“Avropa mədəniyyətinin paytaxtı”, “Ərəb mədəniyyətinin paytaxtı”, “Amerika mədəniyyətinin paytaxtı” və “İslam mədəniyyətinin paytaxtı”) layihələrinin həyata keçirilməsi milli, dini və bəşəri dəyərlərin bölüşdürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təbii ki, mədəniyyət paytaxtı statusunu daşımaq hər hansı bir şəhərin mövcud potensialından çox asılıdır. Çünki həyata keçirilən layihələrin əsas məqsədi status qazanmış şəhərlərin tanıtma, təqdimetmə imkanlarının yetərli olmasına şərait yaratmalıdır. Məhz Qafqazın, eləcə də Şərqin ən qədim şəhərlərindən biri olan Naxçıvanın 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsi də bu potensialın mövcudluğundan irəli gəlir.

Qeyd edək ki, “İslam mədəniyyətinin paytaxtı” layihəsi haqqında ilk qərar ISESCO-nun təklifi ilə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Dohada keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin III konfransında qəbul edilib. Bu sənədə əsasən, “İslam mədəniyyətinin paytaxtı” İslam Əməkdaşlıq Təşkilatına (İslam Konfransı Təşkilatı) üzv olan ölkələrin şəhərləri arasından seçilir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk “İslam mədəniyyətinin paytaxtı” elan edilib. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər “İslam mədəniyyətinin paytaxtı” olub. Bakı isə 2009-cu ildə bu tarixi sevinci yaşadı. Elə həmin ilin oktyabrında Bakıda keçirilən İslam konfransına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı toplantısı çərçivəsində Naxçıvan şəhəri 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunub.

Naxçıvan həm qədimliyinə, həm mədəni zənginliyinə, həm də yerləşdiyi coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən bu diyar hər zaman region ölkələrinin diqqət mərkəzində olub. Dünyanın yenidən yaranış tarixini simvolizə edən Nuh Peyğəmbərin məzarüstü abidəsinin, adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarasının, Böyük Nuh Tufanından sonra Uca Yaradanın bəxş etdiyi bənzərsiz Duz dağlarının burada mövcudluğu Naxçıvanın yaşayış məskəni kimi dünya tarixində ilklərdən biri olduğunu göstərir. Saysız-hesabsız qədim yaşayış məskənləri – Gəmiqaya, Qazma, Oğlanqala, Gilançay, Kültəpə kimi abidələrlə yanaşı, çoxsaylı türk və İslam abidələrinin də varlığı Naxçıvan kimi həcmcə çox kiçik bir ərazidə necə böyük bir potensialın toplandığını özündə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi: “Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.

Türk-İslam mədəniyyəti tarixində mühüm yerə sahib olan Naxçıvanda tarixi dəyərlərin, milli mədəniyyət nümunələrinin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülüb. Ötən dövrdə qədim diyarımızda mövcud olan məscid və imamzadələr, çoxsaylı pir və ziyarətgahlar, o cümlədən tarixi abidələr – türbələr, körpülər, hamamlar və digər bu kimi obyektlər əsaslı şəkildə təmir və bərpa olunaraq istifadəyə verilib. “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir” fikrini öz fəaliyyətinin tərkib hissəsinə çevirmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və nəhayət, təbliğ edilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı tanıtmaq, təbliğ etməkdən ibarətdir. Bu mənada, Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” kimi qarşısında geniş imkanlar açılır.

Naxçıvan ötən dövrdə bu mədəniyyət ilinə kifayət qədər ciddi hazırlaşıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Komitənin 2016-cı il noyabrın 25-də Naxçıvanda keçirilən iclasında Tədbirlər Planı təsdiq olunub və icrasına başlanılıb. Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Rabitə və Yeni Texnologiyalar nazirlikləri tərəfindən “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” rəsmi internet səhifəsi yaradılıb. Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 2018-ci il yanvarın 13-dən istifadəyə verilib. 2018-ci ilin mart ayında isə “İslam mədəniyyətinin paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub. Bundan əlavə, üzərində bu loqotipin əks olunduğu zərf və poçt markaları, suvenirlər, nəfis şəkildə qablaşdırılmış yerli məhsullar, muxtar respublika ərazisindəki İslam mədəniyyəti abidələri haqqında dəqiq məlumatların toplanıldığı, Azərbaycan və ingilis dillərində nəşr olunan kitab və bukletlər də Naxçıvanın hərtərəfli təbliğatında mühüm rol oynayacaqdır.

Onu da qeyd edək ki, bu il iyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxıblar. Sərgidə “İslam mədəniyyətinin paytaxtı Naxçıvan – 2018” gümüşdən hazırlanmış loqotipi, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, “Naxçıvan türbələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları”, “Qədim və müasir Naxçıvan” kitabları, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan – 2018” loqotipinin tanıtım videoçarxı, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filmi, Naxçıvandakı türk-­islam mədəniyyəti abidələrinin əks olunduğu suvenirlər, həmçinin üzərində loqo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanmış əl işləri, müxtəlif aksesuarlar, eləcə də “İslam mədəniyyətinin paytaxtı Naxçıvan – 2018” loqosunun əks olunduğu yerli məhsullar nümayiş etdirilib.

Tədbirlər Planına uyğun olaraq, müvafiq hazırlıq işləri artıq görülüb. İyunun 20-də isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcəkdir. Mədəni-kütləvi tədbirlərdə iştirak edəcək qonaqlar Naxçıvanın tarixi və mədəniyyət abidələri ilə də tanış olacaqlar.

Bəli, bu ilin sonuna kimi bütün İslam dünyasının gözü Naxçıvanda olacaq. Şərq-Qərb sivilizasiya dəhlizinin kəsişməsində yerləşən bu qədim Azərbaycan şəhəri İslam ölkələrinin kütləvi informasiya vasitələrində təbliğ ediləcək, uzaq-yaxın ölkələrdə tanıdılacaq. Bu hadisə bəşəriyyətin bugünkü ümidsizlikdən, çaşqınlıqdan və xaosdan qarşılıqlı hörmət şəraitində birgə yaşadığı, mədəniyyət müxtəlifliyinin tanındığı və beynəlxalq hüquq prinsiplərinə tam riayət olunduğu zamana – ədalət və bərabərliyə söykənən sabitliyin, təhlükəsizliyin və sülhün yeni mərhələsinə can atdığı bir vaxta təsadüf edir. Bütün bu amillərin hər biri Naxçıvan nümunəsi timsalında İslam aləminə, dünyaya təqdim ediləcəkdir. Bu, beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldəcək, ümumdünya ictimai mövqeyin formalaşmasına yol açacaq, respublikamızın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: