Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib. Seçkinin nəticəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclasını Ali Məhkəmənin sədri Qasım Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin bugünkü iclasının gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-cil il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi haqqında məsələ çıxarılıb.

Sonra Ali Məhkəmənin hakimi Əli Allahverdiyev seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair məruzə ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov iclasda çıxış edərək seçkilərə hazırlıq prosesindən başlayaraq son nəticələrə qədər həyata keçirilmiş işlər barədə geniş məlumat verib.

Mütəxəssis qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdiri Rəhim Əsgərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mütəxəssislərinin yoxlama prosesində yaxından iştirak etdiyini qeyd edərək yoxlamanın yekununa dair tərtib olunmuş arayışı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin diqqətinə çatdırıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasına dair qərar qəbul olunması  üçün müşavirəyə çıxıb.

 Ali Məhkəmənin Rəyasət Heyəti müşavirədən qayıtdıqdan sonra  Naxçıvan MR-sı Ali Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan MR-sı Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarını elan edib. Qərarı Ali Məhkəmənin sədri Qasım Əliyev oxuyub və qərar təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9  fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN

RƏYASƏT HEYƏTİNİN

Q Ə R A R I

 

22 fevral 2020-ci il                                                                              Naxçıvan şəhəri

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Əliyev Qasım Vəli oğlunun sədrliyi ilə, Rəyasət Heyətinin üzvləri Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Kərimov Rahib Əhməd oğlunun katibliyi,

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun, sədr müavini Qədimov Əli Tofiq oğlunun, üzvlər Hüseynzadə Əkrəm Rüfət oğlunun, Məmmədov Şamxal Şükür oğlunun, Ağayev Arif Qurban oğlunun və Quliyeva Ceyran Mənaf qızının,

Mütəxəssislər Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Məmmədov Məhərrəm Allahverdi oğlunun, Əsgərov Rəhim Əsgər oğlunun və Rzayev Xalid Məhərrəm oğlunun iştirakları ilə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq konstitusiya icraatı qaydasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il fevralın 9-dа keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınа dair işə baxaraq hakim Allahverdiyev Əli Kərim oğlunun məruzəsini, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun çıxışını və mütəxəssislərin arayışını dinləyib müzakirə edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti

MÜƏYYƏN ETDİ: 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 8.1-ci maddəsinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən 9 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 17 fevral 2020-ci il tarixdə 45 seçki dairəsinin və 316 məntəqə seçki komissiyasının seçkilərin nəticələri haqqında protokolları, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının 14 fevral 2020-ci il tarixli, SQ-06/2020-7 nömrəli qərarı və protokolu təqdim edilmişdir.

Təqdim edilmiş  seçkilərin ümumi yekunları haqqında sənədlərdə 9 fevral 2020-ci il tarixdə 45 seçki dairəsi üzrə 316 seçki məntəqəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələri öz əksini tapmışdır.

Seçkilərin ümumi yekunları haqqında təqdim edilmiş sənədlərdən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 45 seçki dairəsi üzrə passiv seçki hüququ olan  140 nəfər Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizəd kimi qeydə alınmışdır.

Səsvermə günü Naxçıvan Muxtar Respublikası üzrə 45 seçki dairəsinin 316 seçki məntəqəsində səsvermə keçirilmişdir.

Seçki sənədləri yoxlanılarkən müəyyən  edilmişdir ki, Naxçıvan Muxtar Respublikası üzrə Ali Məclisə seçkilərin keçirilməsi üçün yaradılmış 45 seçki dairəsini əhatə edən 316 seçki məntəqəsi üzrə aktiv seçki hüququ olan 271771 seçici ümumi seçici siyahılarına daxil edilmiş, onlardan 190669  nəfəri, yəni 70,16 faizi səsvermədə iştirak etmişdir. Səsvermədə iştirak etmiş seçicilərin  190452  nəfəri bilavasitə seçki məntəqələrində, 217 nəfəri isə qanunun tələbinə uyğun olaraq səsvermə otağından kənarda səs vermişlər. Seçki qutularında aşkar edilən 190669 bülletendən 187807 seçki bülleteni, yəni 98,5 faizi etibarlı hesab edilmiş, 2862  bülleten, yəni 1,5 faizi isə etibarsız hesab edilmişdir.

Məntəqələr üzrə seçki günü 81102 ədəd istifadə edilməmiş seçki bülletenləri məntəqə seçki komissiyaları tərəfindən ləğv edilmişdir. Göstərilənlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 88-89-cu maddələrinin tələblərinə uyğundur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin yekunlarına dair təqdim olunmuş sənədlərin təhlilindən görünür ki, Muxtar Respublikanın ərazisində yaradılmış 316 seçki məntəqəsində 9 fevral 2020-ci il tarixdə seçkilərin keçirilməsi zamanı aşkarlığı təmin etmək məqsədi ilə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 37-39 və 41-ci  maddələrinin tələblərinə uyğun olaraq beynəlxalq və  yerli müşahidəçilər seçkilərin gedişini izləmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti iş materiallarında olan Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədləri yoxlayıb, cəlb olunmuş mütəxəssislərin arayışını nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə keçirilmiş seçkilərin nəticələri barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 14 fevral 2020-ci il tarixli  protokolu və ona əlavə edilmiş sənədlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının  Qanununa uyğundur.

 Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin yekunları təsdiq edilməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti göstərilənlərə əsaslanıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsini və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrini rəhbər tutaraq

QƏRARA  ALIR:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş 45 seçki dairəsi üzrə seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.

2. Qərar elan olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Şərq qapısı” qəzetində dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

 

Sədrlik edən:                                            Qasım Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: