Kiçik çillənin son günü

A- A A+

Kəskin kontinental iqlimə malik olan Naxçıvanda qış nə qədər sərt keçsə də, tarixboyu bu qədim diyarın sakinləri onun gəlişini bayram kimi qarşılayır, bununla bağlı müxtəlif adətlər, inam və mərasimlər keçirirlər.            

Xalq təqviminə uyğun olaraq qış dövrü “Çillə” adı ilə üç yerə bölünür. Böyük çillə 40 gün kiçik çillə 20 gün, boz ay isə bir ay olur. El arasında çillələri böyük və kiçik bacı adlandırırlar. Xalq inancına görə, kiçik çillə başa çatdıqdan sonra və boz ay dövrü başlayır. Bu dövrə “yazın qırxlı çağı” da deyilir.

Kiçik çillə...

Boyu bir belə...

Hikkəsi bir belə...

Gəlişi oldu

Hayınan.

Gedişi oldu

Vayınan.

Bu ayın boz ay adlandırılmasının səbəbi isə havaların tez-tez dəyişməsidir. Yəni kiçik çillənin bitməsi şaxtalı havaların bitməsi demək deyil. Boz ay da kifayət qədər sərtliyini hiss etdirən aydır. Bu ayda hava bir gün isti, bir gün soyuq ola bilər. Düz bir ay davam edən bu dövr yumşaq və narın yağışlı günlərin çoxluğu ilə müşayiət olunur. Bu isə boz ayın özündən daha çox, qışdan yaza keçid və bu keçiddə təbiətin dəyişkənliyinə əsaslanır.  Boz ay haqqında bir neçə deyim də vardır: Boz ay bozara-bozara keçər. Boz ay dövründə iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin həyata keçirilməsinə başlanır. Yaşlılar söyləyirlər ki, Naxçıvanda noxudu fevralın axırı, martın birinci ongünlüyündə əkmək lazımdır. Əsasən, dəmyə əkilən noxud bu dövrdə əkildikdə yağıntının hesabına su ilə təmin olunur. Bu ay heyvandarlar üçün də məsuliyyətli dövrdür. Çünki, adətən, mart ayının əvvəlindən heyvanlarda döl başlayır.

Bəzi etnoqraflar bahar müjdəçisi novruzgülünün boz ayda açdığını yazırlar. Qeyd olunmalıdır ki, bu gül kiçik çillənin sonu, boz ayın əvvəlində açır.   Novruz bayramının müjdəçiləri olan çərşənbələr də məhz bu dövrə təsadüf edir. Bu il ilk çərşənbə fevralın 25-nə, son çərşənbə isə martın 17-nə təsadüf edir.

Çərşənbələr su, torpaq, yel, od olmaqla sıralanaraq 4 çərşənbəyə bölünür. Çərşənbələrin bu şəkildə adlanması belə təsadüfi deyil və özündə insanın yaradıldığı ünsürləri ehtiva edir. Məhz boz ayda torpağı əkib-becərməyə hazırlayan yaz dumanları başlayır. Boz ayda olan dörd çərşənbə müqəddəs sayılmış və təbiətin dəyişilməsində dörd ünsür: su, torpaq, yel və od mühüm rol oynamışdır. Buna muxtar respublikanın bəzi kəndlərində “cəmlələr” də deyirlər. Yəni ilk cəmlə suya düşür və bundan sonra su donmur. Tədqiqatçılar dörd çərşənbənin ilk üçünün “doğru üskü”, sonuncunun isə “ilin axır çərşənbəsi” olduğunu qeyd edirlər. İnsan, kainat 4 ünsürdən - su, torpaq, yel və oddan yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

Novruzqabağı çərşənbələr xalqımızın adət-ənənələrində yaşayıb, nəsildən-nəslə miras qalıblar. Bu adət-ənənələri qorumaq və yaşatmaq isə hər birimizin borcudur.

                                                                                       “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: