Ordubadda dəmirçilik sənəti yaşadılır

A- A A+

Ordubad şəhərində dəmirçi Rafiq ustanı tanımayan yoxdur. Onun çalışdığı emalatxanadan daim çəkic səsi eşidilir. Rayon sakinləri bu zəhmətkeş insanın əl qabiliyyətinə yaxşı bələd olduqları üçün ona nal, bel, dəhrə, balta, qazma, kərənti, oraq və sair kimi əşyaların hazırlanmasını sifariş verirlər. Bu gün babalarımızın bizə miras qoyub getdiyi həmin sənət növü Ordubad şəhərində Rafiq Mahmudov tərəfindən yaşadılır. Rafiq Mahmudov dəmirçilik sənətinin sirlərini atası Məmmədbağır kişidən öyrənib. Rafiq ustanın ulu babası Kərbəlayi Bağır, onun oğlu dəmirçi Rza və Rafiqin atası dəmirçi Rzanının oğlu Məmmədbağır Mahmudovlar bu qədim və gərəkli sənət növünü yaşatmaq üçün əllərindən gələni əsirgəməyiblər. Atası dünyasını dəyişdikdən sonra bu sənətlə məşğul olmaq onun qismətinə düşüb. Dəmirçi Rafiq usta ilə görüşüb söhbət etdik. Usta deyir ki, sənət heç vaxt insanı ac qoymur. Xüsusilə dəmirçilik sənəti. 40 ilə yaxındır ki, burada çalışıram. Bir gün də olsun, boş qalmamışam. Nəinki Ordubad şəhərindən, eləcə də rayonumuzun digər yaşayış məntəqələrindən də sifarişlər alıram. Allah bərəkət versin. Yeri düşəndə nalbəndlik də edirəm.

Rafiq usta daha sonra dedi ki, ilk baxışda adi görünən dəmirçilik sənəti dəqiqlik və məsuliyyət tələb edir. Bu gün əhalinin bir qismi hələ də bu qədim sənət növünə ehtiyac duyur. Xaricdən gətirilən qazma, dəhrə, balta, oraq, kərənti çox vaxt keyfiyyətsiz olur. Əhali həmin alətləri istifadə etdikdən bir neçə gün sonra onsuz da dəmirçiyə müraciət etməli olurlar. Rafiq usta deyir ki, hər növ dəmirdən məişət aləti düzəltmək olmaz. Alətlərin xüsusiyyətinə görə dəmir seçilməlidir. Yoxsa kürəyə basıb  qızardılmış dəmiri nəyə isə oxşatmaq dəmirçilik demək deyil. Rafiq usta hər hansı bir aləti düzəltmək üçün lazım olan qəlibləri nümayiş etdirir. Bildirir ki, həmin qəliblərsiz hər hansı bir aləti düzəltmək mümkün deyildir.

Ordubad şəhərində hələ də bir sıra qədim məhəllələrdəki evlərin qapılarında dəmir halqaya oxşar zəncirbablar, taqqılbablar mövcuddur. Onlar ev sahibini xəbərdar edən indiki qapı zəngini əvəz edərmiş. Bu dəfçəklərdən qalın olanı yoğun səs çıxardığından həmin halqadan kişilər ev sahibini çağırmaq üçün istifadə edərmiş. Evdəkilər də bilərmiş ki, qapıya gələn kişi qismidir. Ürəyə oxşayan nazik dəmir parçasından isə qadınlar istifadə edərmiş. Həmin dəfcəklər incə səs çıxardığından bilinərmiş ki, qapıya gələn qonaq qadındır. Rafiq usta sifariş verildikdə həmin nümunələri də həvəslə düzəldir.

Tarixdən bu günə qorunub saxlanılan el sənət nümünələri yaxşı haldır ki,bu gündə qorunub, saxlanılır. El sənətkarlarınin əl əməyi, göz nuru ilə ərsəyə gətirdikləri bu əşyalar isə hər zaman öz dəyərini qoruyub saxlamaqda.

                                                                                                                                                    "El həyatı"qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: