Ordubadda dulusçuluq sənəti

A- A A+

Qədim xalq sənətləri xalqın yaşamını, məişətini ifadə etmək baxımından böyük əhəmiyyət daşıyır. Hər bir xalqa məxsus olan sənət növü onun mənəvi yanaşmasını da özünəxas dərəcədə ifadə edir. Fərqli sənət növlərini müşahidə edərkən onda etnosun qədim düşüncə tərzini aşkarlamaq mümkündür. Bu maddi nümunələrə xalq düşüncəsinin təsiri də danılmazdır. Bu baxımdan həmin sənət növləri tarixi əhəmiyyət də daşıyır. Belə sənət növlərindən biri də dulusçuluqdur. Xalq yaradıcılığının həm mənəvi, həm də maddi nümunələrini qorunub saxlandığı qədim Ordubad torpağı həm də xalq sənətkarlığının bir çox növlərinin yaranıb inkişaf etdiyi tarixi məkandır. Belə ki, xalq yaradıcılıq sahələrindən olan misgərlik, dəmirçilik, xarratlıq, papaqçılıq, xalçaçılıq, ipəkçilik, dulusçuluq və s. zaman-zaman bu ərazidə məkan və çoğrafi amillərlə təkmilləşərək inkişaf edib. O cümlədən, Ordubadda müxtəlif zamanlarda məşhur dulusçular da fəaliyyət göstərib.

Dulusculuq sənəti köklü tarixin məhsuludur. Ordubadda bu sənətin tarixi keçən əsrlərlə səsləşir. Yazılı mənbələrdə xanlıqlar dövründə Ordubadda dulusçuluğun inkişafı barədə məlumat vardır. Bu məlumatlara əsaslanaraq demək mümkündür ki, Ordubadda və onun bəzi kəndlərində saxsı qab istehsalı ilə məşğul olublar. Dulusçuluq sənəti xalq düşüncəsində gizli, sirli sənət də adlanır. Torpaqdan, gildən mükəmməl əşya hazırlaya bilən insan xalqın qədim təsəvvü ründə sirlərlə dolu insan, sirli sənət sahibi adlanırdı. Elə bu fikri Ordubad ərazisindən toplanan xalq yaradıcılığı nümunələrində də müşahidə etmək mümkündür. “Şah Abbas və onun sənəti” adlı nağılda nağıl qəhrəmanı öyrəndiyi dulusçuluq sənəti sayəsində düşməndən qurtulur. Düşmən əlində əsir olan qəhrəman düzəltdiyi dulus məmulatının üzərinə harda əsir düşdüyünü sirli hərflər vasitəsilə həkk edərək, öz yaxınlarına göndərir. Bu naxışların hərəsini bir söz kimi oxuya bilən şahın xanımı onu xilas etmək üçün qoşun göndərir, qəhrəmanı xilas edir. Müasir günümüzə qədər gəlib çıxan bəzi dulusçuluq əşyalarının da üzərində müxtəlif naxışlar həkk edilibdir.

Azərbaycanın başqa regionları ilə müqayisədə Naxçıvan və onun ərazilərində xanlıqlar dövründə dulusçuluq məmulatlarının istehsalı geniş yayılıb. Mənbələrdə mövcud olan məlumata görə, tarixən Ordubadda fəaliyyət göstərən, növbənöv saxsı qablar istehsal edən dulusçu emalatxanalarının sədası qonşu xanlıqlara da yayılıb. Tarixi mənbələrdə Ordubaddakı dulusçu emalataxanalarından birinin fəaliyyətdən düşmüş karvansarada yerləşdiyi haqqında məlumata rast gəlmək mümkündür. Hazırda ərazidə mövcud olan Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanan, müxtəlif tarixi dövrlərə aid olan gildən hazırlanan məmulatlar – dulusçuluq məmulatları ərazidə bu sənətin yaranmasının və fəaliyyətinin qədim keçmişindən xəbər verir. Muzeydə islamaqədərki dövrlərə aid olan gildən hazırlanmış küp qəbir Ordubad rayonunun Sabir Dizə kəndindəki ərazidə aşkar olunub. Etnoqrafik məlumatlara əsasən, küp qəbirlərə öləni yerləşdirməklə bərabər, çörək və su da qoyardılar. Bu da etnosun o biri aləm-dünya etiqadı ilə bağlı düşüncələrinin ilkin formalarının izləri kimi təzahür edir. Muzeydə, həmçinin, saxsı suboru kəmərinin qalıqları da qorunmaqdadır. Sonrakı dövrlərə, əsasən, XIX əsrə aid istehsal nümunələri də muzeyin dəyərli eksponatlarındandır.

Ziyalı Vilayət Bağırovun verdiyi məlumata görə, muzeydə qorunan küplərin bəzilərindən o dövrdə su, taxıl, pendir saxlamaq, qovurma tədarükü üçün istifadə olunubdur. Müasir günümüzdə də, Naxçıvan Muxtar Respublikasının digər regionlarında olduğu kimi Ordubad rayonunun şəhər və kəndlərində dulusçuluq məmulatlarından turşuların, dənli ərzaq məhsullarının, ümumiyyətlə Naxçıvan Muxtar Respublikasına xarakterik olan qovurmanın qışa tədarükünü təşkil etmək üçün küplərdən geniş istifadə olunur. Bu qablar həmin ərzaqların həm lazımi şəkildə qorunmasına yararlıdır, həm də sağlamlıq baxımından olduqca əhəmiyyətlidir. Mətbəx qabları arasında dizə, qazança, küvəc, piti dopularından ləzzətli xörəklərin hazırlanmasında istifadə olunubdur. Bu qablarda hazırlanan xörəklər xüsusi dada malik olur. Dopuda hazırlanan pitinin, saxsı səhəngdə saxlanan suyun, küpdə tədarük edilən qovurmanın dadından alınan zövq əvəzsizdir. 

Aytən Cəfərova

 Filologiya üzrə fəlsəfə doktoru,  AMEA Naxçıvan Bölməsinin əməkdaşı

"El həyatı"qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: