Rahat və sağlamlığa yararlı nəqliyyat növü – velosiped

A- A A+

Həyat hər dəqiqəsi, hər anı ilə olduqca qaynar bir şəkildə davam edir. Bu qaynar vəziyyətdə insanların bir yerdən başqa nöqtəyə hərəkəti, gediş-gəlişi isə xüsusi yer tutur. Bu zaman isə onların dadına daha çox nəqliyyat vasitələri çatır. Bu nəqliyyat vasitələri dənizlərdə, havada bir formada, yerin torpaq səthində isə başqa formada üzə çıxır. Maraqlı burasındadır ki, rahatlığımıza hesablanmış həmin nəqliyyat vasitələrinin bir çoxu, xüsusilə də yanacaq vasitəsilə istifadəsi mümkün olanların faydaları ilə yanaşı, zərərləri də mövcuddur. Belə ki, onlar havaya müxtəlif zərərli qazlar buraxır, ətraf mühiti çirkləndirirlər. Bu amil isə özü-özlüyündə canlı orqanizmə, o cümlədən insalara mənfi təsir göstərir, müxtəlif ekoloji fəsadların üzə çıxmasına səbəb olur. Elə bu səbəbdəndir ki, artıq bir çox ölkələrdə nəqliyyat vasitələrinin qeyd edilən zərərlərindən yaxa qurtarmaq üçün alternativ vasitələrin axtarışına başlanılıb. Bu mənada zərərsiz və sağlamlıq nöqteyi-nəzərdən nəqliyyat vasitəsi sayılan velosiped daha çox diqqət çəkir.

Ta qədim zamanlardan insanlar bir yerdən başqa bir yerə hərəkət etmək isdədikdə, o cümlədən müxtəlif yüklərin daşınmasında öz işlərini asanlaşdırmaq üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə ediblər. İlk vaxtlar bu zərurət müxtəlif canlılar vasitəsilə – daha çox atla, dəvə ilə və sonralar atlara qoşulan qoşqular vasitəsilə qarşılanıb. Lakin zaman ötdükcə, elm, texnika inkişaf etdikcə daha təkmil nəqliyyat vasitələrinə ehtiyac duyulub, beləliklə də qatarlar, müxtəlif avtomobillər, daha sonralar isə hava nəqliyyat vasitələri meydana çıxıb.

Elmin, texnikanın inkişafı nəticəsində meydana çıxmış həmin nəqliyyat vasitələri isə bir çox yönlərdən insanların istifadə etməsi üçün özlüyündə çətinliklər və xoşagəlməz hallar da meydana çıxarıb. Belə ki, insanların istifadə etdikləri bu nəqliyyat vasitələri, xüsusilə də fərdi nəqliyyat vasitələri olan avtomobillər həm qiymət sarıdan baha olması, buna paralel olaraq da bir çox hallarda büdcəmizdə çətinliklər yaratması, həm də zərərverici qəzalar törətməsi və ekoloji cəhətdən ətraf mühitə ziyan vurması ilə diqqət çəkir. Eyni zamanda oturaq həyat tərzi keçirən və işləri daha çox masa arxasında olan insanlarda avtomobil kimi nəqliyyat vasitələrindən istifadə edilməsi onlarda müxtəlif xəstəliklərin – dayaq-hərəkət sistemi, qan-damar sistemi kimi bir sıra fəsadların üzə çıxmasına səbəb olur. O zaman insanların düşüncəsində belə bir sual doğur: Bu kimi hallarla qarşılaşmamaq üçün hansı nəqliyyat vasitələrinə üz tutaq, gündəlik olaraq minik kimi nələrdən istifadə edək?

Son zamanlar insanları məşğul edən bu suala cavab kimi bir çox Avropa ölkələrində əlac tapıldığını söyləmək mümkündür. Belə ki, həmin Avropa ölkələrində insanların nəqliyyat vasitəsi kimi velosipedə üz tutduqları müşahidə edilir. Bununla da avropalılar ilk növbədə ölkələrinə xas tıxac problemindən yaxa qurtarmış olurlar. Həmçinin onlar daha ucuz qiymətə nəqliyyat vasitələri əldə edir, eyni zamanda velosipeddən istifadə etməklə sağlamlıqlarını da qoruya bilirlər.

Qabaqcıl Avropa ölkələrindəki bu təcrübənin həmçinin ölkəmizdə, eləcə də muxtar respublikamızda insanların gündəlik həyatlarında təbliğ və təşviq edilməsi böyük əhəmiyyət daşıyır. İnsanların bu nəqliyyat vasitələrindən istifadə etməklə hansı qazanclar əldə edə biləcəklərinin onlara çatdırılması bu mənada xüsusi önəm kəsb edir. Buna görə də velosipedin nə kimi faydalara malik olması insanlara danışılmalı və bu mövzu daim diqqətdə saxlanılmalıdır.

İlk öncə onu qeyd edək ki, Kəngərli rayonunda bu nəqliyyat vasitələrinin gündəlik həyatımızda istifadəsi üçün hər cür şərait mövcuddur. Belə ki, rayonumuzda yol infrastrukturu, kənd yaşayış yerlərində, xüsusilə də rayon mərkəzində - Qıvraq qəsəbəsində və burda yerləşən parklarda mövcud şərait velosipedən istifadə üçün rayon sakinlərinə geniş imkanlar yaradır. Qeyd etməliyik ki, əgər biz gündəlik həyatımızda velosipeddən istifadə etsək, lazımi işlərimizi görməklə yanaşı, sağlamlıq sarıdan da bir çox faydalar əldə etmiş olarıq. Çünki velosiped sürməyin və bununla bağlı olaraq mütamadi insanın hərəkət etmək məcburiyyətində qalması ürək-damar, bel, oynaqlar və əzələ ilə bağlı xəstəliklərinin azalmasına səbəb olur. Eyni zamanda velosiped istifadə edən insanlarda həyacan və depressiya kimi  xəstəliklər, o cümlədən kordinasiya çətinlikləri də minimuma enmiş olur. Bütün bunların yanında velosipeddən istifadə etməklə həm də biz ətraf mühitin ekoloji cəhətdən təmiz olmasına nail ola bilərik.

Göründüyü kimi, rahat və sağlamlıq sarıdan da olduqca faydalı olan velosiped bu mənada insanların daha çox istifadə etməli olduqları bir nəqliyyat vasitəsidir. Belə isə, bu nəqliyyat vasitəsinin gündəlik həyatımızda geniş şəkildə istifadə edilməsi olduqca zəruri haldır. O zaman gəlin hər birimiz gündəlik həyatımızda velosiped sürməyi təbliğ və təşviq edək. Bununla da insanlarımızın daha sağlam ömür sürmələrinə imkan yaratmış olarıq.   

                                                                                                                                        Anar Qasımov

“Yeni həyat”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: