Xocalı faciəsi xalqımızın növbəti qəhrəmanlıq və mübarizlik nümunəsidir

A- A A+

Azərbaycan xalqının tarixində soyqırım kimi siyasi və hüquqi qiymətini almış hadisələr tarixi kökü etibarilə bir zamanlar Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsi-Şərq məsələsinin həyata keçirilməsi üçün uydurulmuş, əslində mövcud olmayan “erməni məsələsi” ilə bağlıdır. Şərq məsələsinin həyata keçirilməsindən bəhrələnmək istəyən erməni millətçiləri XVIII əsrin sonlarından başlayaraq Türkiyə, XIX əsrdən isə Azərbaycanın torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyasına düşüb və bundan sonra məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğınlar törədiblər.  Hələ ötən əsrin əvvəllərində mart soyqırımı, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiyası, 1988-ci ildə isə 250 min həmyerlimizin öz tarixi torpaqlarından qovulması bu mənfur siyasətin əsasını təşkil edirdi. Erməni şovinistlərinin məkrli planları 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrlə daha açıq xarakter aldı və yüzlərlə kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

XX əsrin əvvəli Azərbaycan xalqı üçün qanlı olduğu qədər sonu da eyni ssenari üzrə qurulmuş hadisələrin təkarı ilə yaddaşlarda qaldı. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Azərbaycanlıların öz tarixi etnik torpaqlarından qovulması sovet dövründə də davam edib, kəndlər, şəhərlər dağıdılıb, on minlərlə günahsız insan öldürülüb, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşüb. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi məhz Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən  birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Dünya tarixinin ən qanlı soyqırımlarından biri kimi, Xocalı faciəsi xalqımıza qarşı iki əsrdən çox müddət ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsi, davamı idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan xalqına qarşı törədilmiş ən amansız cinayətlərdən biri də 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı genosidi idi. Həmin gecə Ermənistan Respublikasının silahlı qüvvələri öz havadarları və bir qrup muzdur dəstələri ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə hücum edərək heç bir günahı olmayan mülki əhalinin şəhəri tərk edə bilməmiş hissəsini qəddarlıqla qətlə yetiriblər. Bu gün üzərindən 28 il keçir. Bu soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150 nəfərinin taleyi indi də məlum deyil. Bu vandalizm aktı zamanı ermənilər törətdikləri çox saylı qətllərlə kifayətlənməyib, sağ qalmış insanlar üzrərində də tamamilə təhqiredici hərəkətlər həyata keçiriblər.

Bununla yanaşı, hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş kimyəvi silahlardan istifadə edilibdir. Bütün bunlar Ermənistanın Cenevrə konversiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı soyqırım həyata keçirildiyini bir daha təsdiqləyir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm 3 mənbəyinə çevrilməsi, orada mədəni abidələrin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Son 28 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılılıb.

Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iştirak edib, Xocalı soyqırımını kədər hissi ilə xatırlayıb. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymət verilməsinin zəruriliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərib. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Heydər Əliyev eyni zamanda Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirərək deyib: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Xocalı faciəsi nə qədər acı olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və bu gün tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Gələcək nəsillərin, yeniyetmə və gənclərin daha da vətənpərvər ruhda böyüməsinə təkan verdi. İnsan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı idealarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən, milli-mənəvi özünüdərkindən asılıdır. Gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi bu gün də aktualdır. Təsadüfi deyildir ki, Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların qarşısında ən mühüm vəzifə kimi qoyurdu. Müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə görüşlərində bu məsələyə dönə-dönə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi. Ulu öndər öz 4 nitqində gənclərin vətənpərvərlik tərbiyəsinin zəruriliyinə toxunaraq deyibdir: “Müstəqil dövlətdə yaşayan hər bir vətəndaş birinci növbədə bu dövlətin müstəqilliyinin, suverenliyinin təmin olunmasını öz həyatının əsas vəzifəsi və məqsədi bilməlidir. Ona görə də bizim gənclər vətənpərvərlik əhval ruhiyyəsi ilə tərbiyyə olunsun gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılansın, tərbiyə edilsin və bunlar bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin”. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.

Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Ölkəmizin tarixi haqqında sistemli, hər kəsin başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Aparılan maarifləndirici söhbətlər, keçirilən tədbirlər zamanı verilən məlumatlardan yeniyetmə və gənclər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələri haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Bu gün bütün bu tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı tərəfindən bu məqsədlə, ölkə tarixində xüsusi əhəmiyyətə malik hadisələr müxtəlif tədbirlər çərçivəsində yeniyetmə və gənclərə çatdırılıb, onlarla bu barədə maarifləndirici söhbətlər aparılıb. Geridə qoyduğumuz 2019-cu ildə də qurum tərəfindən “26 fevral- Xocalı Soyqırımı”nın 27-ci ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda tədbirlər keçirilib, filmlər nümayiş etdirilib.

Qeyd edək ki, Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımıza həsr olunmuş tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Azərbaycanımızın saysız-hesabsız qəhrəmanları var ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl vətənpərvərlik tərbiyəsidir. Ermənilərin dədə-baba torpağımız olan Dağlıq Qarabağa hücumu nəticəsində, o cümlədən muxtar respublikamızda Sədərək döyüşlərində yüzlərlə vətən övladı torpağımızın müdafiəsinə qalxıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlib. Bu gün xalqımızın hər bir nümayəndəsi vətənpərvər olmağı bacarmalıdır. Tarixin bu həlledici dönəmində ölkəmizin milli maraqlarının müdafiəsinə ehtiyac var. İstənilən halda bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır.

Son illərdə ölkə və muxtar respublika səviyyəsində gənclərin fəaliyyətlərinin müsbət yöndə 5 stimullaşdırılması üçün hazırlanmış müxtəlif dövlət proqramlarının uğurla icrası cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir. Bu gün Xocalı da daxil olmaqla, işğal olunmuş torpaqlarımıza qayıdacağımız, üçrəngli bayrağımızın tarixi torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil. Hər keçən gün mövcudluğunu şübhə altına salan Ermənistandan fərqli olaraq, ötən illər ərzində respublikamız çox şaxəli inkişaf yolu keçib, ordumuzun döyüş qabiliyyəti artırılıb. Artıq, Azərbaycan Respublikası ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünya ictimaiyyəti arasında ciddi siyasi nüfuza malik dövlətdir. Eyni zamanda xalqımız da Ali Baş Komandan tərəfindən veriləcək döyüş əmrinin icrasına ən yüksək səviyyədə hazırdır. 2016- cı ilin Aprel döyüşləri və 2018-ci ilin may ayının 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağının azad olunması, Dərələyəz mahalının Arpa kəndinin Azərbaycan ordusunun nəzarəti altına keçməsi, ümumilikdə bu əməliyyat zamanı 11000 hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, 90-cı illərdən fərqli olaraq bu gün həm iqtisadi, həm hərbi, həm də psixoloji üstünlük bizim tərəfimizdədir və ən qısa müddətdə hər iki ölkə və dünya ictimaiyyəti, tarixi qələbəmizə şahidlik edəcəkdir. Qeyd edək ki, ölkəmizdə öz vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu yetişib. Onlar vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər.      

Mirməcid Seyidov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini,

Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: