Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 28-ci ildönümü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 28-ci ildönümü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Ali Məclis Sədri cənab Vasif Talıbov tərəfindən 2019-cu ildə gömrük işinin səmərəli təşkilinə görə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivinə təşəkkür elan edildiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli göstərilən etimada, hərtərəfli dövlət qayğısına və yaradılan şəraitə görə Cənab Ali Məclis Sədrinə minnətdarlıq edib. Vurğulanıb ki, 24 fevral 1992-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ilə muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanılıb.

Ötən dövrdə muxtar respublika gömrük sisteminin müasir tələblər səviyyəsində qurulması və xidmətin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Gömrük orqanlarının strukturu daha da genişləndirilib, infrastruktur yenidən qurulub, maddi-texniki baza müasir tələblər səviyyəsində formalaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə nəticəsində gömrük sistemi tamamilə avtomatlaşdırılıb. Göstərilən yüksək dövlət qayğısı hesabına gömrük orqanları muxtar respublikamızın iqtisadi təhlükəsizliyinin etibarlı təminatçısına çevrilib.

Gömrük orqanlarının dövlət büdcəsinin formalaşdırılması, daxili bazarın qorunması istiqamətində fəaliyyətini qeyd edən komitə sədri əməliyyat-axtarış işinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə tədbirlərinin gücləndiyini, son üç il ərzində muxtar respublika üzərindən tranzit hərəkət edən yük nəqliyyat vasitələrindən ümumilikdə 310 kiloqrama yaxın narkotik vasitənin aşkarlandığını önə çəkib.

Səhət Həbibbəyli gömrük orqanlarının fəaliyyətinin vətəndaşlara, o cümlədən biznes subyektlərinə xidmət səviyyəsinə çatdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini vurğulayıb və kollektivə uğurlar arzulayıb.

Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin inspektoru, gömrük xidməti kiçik leytenantı Turqut Abbasov  gömrük sistemində kadr islahatları və gəncləşmə mövzusunda çıxış edib.

Komitənin inzibati idarəetmənin təşkili bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Minayə Nəsirova muxtar respublika gömrük orqanları əməkdaşları barəsində tətbiq olunan həvəsləndirmə tədbirləri haqda məlumat verib. Xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşı təltif edilib. Narkotik qaçaqmalçılığı və gömrük sahəsində digər hüquqpozmalara qarşı mübarizə işində fərqlənmiş Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin əməkdaşı Gündüz Şəfiyev “İlin gömrükçüsü” elan olunaraq mükafatlandırılıb.

Sonda tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı “İnkişaf edən gömrük xidməti” adlı filmə baxıblar.

Rahil Tahirli

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: