Xızırın dirilik çeşməsindən su içdiyi gün - Su çərşənbəsi

Bu gün Novruzun ilk çərşənbəsidir

A- A A+

Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə böyük önəm verir.

Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.

NUHÇIXAN xəbər verir ki, fevralın 25-i Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaratmışdır. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəl çərşənbə”, “gül çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində el arasında su ilə bağlı ayinlər, mərasimlər keçirilir.

Su çərşənbəsi suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:49:36 saniyədə girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Su çərşənbəniz mübarək!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: