VÖEN-i necə aça bilərik?

A- A A+

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyicisi vergi uçotu haqqında ərizə və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə yaşadığı yer üzrə ( şəxsiyyət vəsiqəsində göstərilən) vergi orqanına müraciət etməlidir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətİdən NUHÇIXAN-a verilən məlumata görə, müvafiq sənədlər vergi orqanında daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır və fiziki şəxsə 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) verilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır.

Fiziki şəxslər http://vergi.nakhchivan.az səhifəsinə daxil olmaqla  İnternet Vergi İdarəsi Portalında elektron qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Fiziki şəxslərin elektron formada vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Elektron qaydada müraciət etmək üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olunur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərilir. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxs vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Dövlət Vergi Xidmətinin  müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: