Tələbələr praktiki məşğələ keçiblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş torpaqşünaslıq və aqrokimya, geodeziya və xəritəçəkmə ixtisaslarında təhsil alan tələbələrə praktiki məşğələ keçirilib.

Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun təcrübəli mütəxəsssisləri tərəfindən tələbələrə yüksək dəqiqlikli geodeziya alətləri və onların iş prinsipi barədə ətraflı məlumat verilib.

Sonra mütəxəssislərin köməyi ilə qruplar şəklində tələbələr tərəfindən universitet ərazisinin plana alınması həyata keçirilib. Əsas döngə nöqtələrini, ərazidəki obyektlərin yerləşməsini əks etdirən abrislər tərtib edilib.

Xidmətin inzibati binasında tələbələr çöl ölçmələrinin kompüterə köçürülməsi, ölçmə nəticəsində əldə edilmiş məlumatların xüsusi proqram təminatı vasitəsilə işlənməsi prosesini praktiki şəkildə yerinə yetiriblər.

Tələbələrlə görüşdə xidmətin aparat rəhbəri Nurlan Fətəliyev və Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyev təcrübənin əhəmiyyəti barədə məlumat veriblər. İki gün davam edən məşğələ zamanı ayrı-ayrı qruplar tərəfindən aparılmış ölçü işləri əsasında universitet ərazisinin planı hazırlanaraq təqdim edilib.

Məşğələnin yekununda iş prosesi ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Geodeziya ölçmə işlərində fəal iştiraklarına görə bir qrup tələbə təşəkkürnamə ilə təltif olunub.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: