İnsanlığa qarşı törədilmiş cinayət - Xocalı soyqırımı

A- A A+

AMEA-nın Naxçıvan Bölməsində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Erməni vandalizminin acı üzü: Xocalı faciəsi” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycana qarşı ermənilərin törətdikləri bəşəri cinayətlərdən, eləcə də Xocalı soyqırımından danışıb. Bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə silahlı təcavüz və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə alıb, dinc əhalini qəddarcasına qətlə yetirib. Qətliam nəticəsində aralarında qadın, uşaq və qoca olan 613 mülki vətəndaş həyatını itirib.

Alim Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımı faciələrinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində hüquqi-siyasi qiymət verildiyini vurğulayaraq bildirib ki, 1994-cü ildə dahi öndərin təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı Soyqırımı Günü kimi qeyd olundu.

Konfransda, həmçinin Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı faciəsinə gedən yol”, Emin Şıxəliyev “Xocalı faciəsinin törədilməsində erməni terror təşkilatlarının fəaliyyəti” və institutun kiçik elmi işçisi Sevinc Babayeva “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində Xocalı faciəsinin dəhşətlərini əsk etdirən fotoşəkillər slayd vasitəsilə nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: