Ordubad şəhər stadionu müasir səviyyədə yenidən qurulacaq - FOTOLAR

A- A A+

Bu il müasir məktəblər və idman obyektlərinin sırası daha da genişlənəcək. Nüsnüs və Ordubad şəhər 1 nömrəli tam orta məktəbləri, Ordubad şəhər stadionu müasir səviyyədə yenidən qurulacaq. NUHÇIXAN xəbər verir ki, bu fikirlər Ordubad rayonunda bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə səsləndirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov müşavirədə çıxış edərək bildirib ki, müxtəlif idman yarışlarının keçirilməsi və gənc idmançıların hazırlanması məqsədilə rayonda 67 idman qurğusu mövcuddur.  

Elşad Məmmədov “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçiriləcək tədbirləri də diqqətə çatdırıb. Qarşıda duran əsas vəzifə idmanın kütləviliyini rayon və kəndlərdə artırmaq, yüksək inkişaf tempini gələcək illərdə də qorumaq, rəqabətqabiliyyətlilik imkanlarını genişləndirməkdən ibarətdir. Dövlət proqramında idmanın inkişafı üçün bu sahədə kadr siyasətinin təkmilləşdirilməsi, idmanın tədrisinin səviyyəsinin yüksəldilməsi, pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi və tələbələrin idmana cəlb olunması və digər tədbirlərin də həyata keçirilməsi planlaşdırılır. Uşaq və yeniyetmələrin mənəvi-fiziki inkişafı üçün idman sahəsində qarşılıqlı fəaliyyət planlarının hazırlanması, federasiya, klub və digər ictimai birliklərin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakının təmin edilməsi, bütün təhsil müəssisələrində idman klublarının yaradılması, idman yarışları və spartakiadaların təşkil edilməsi mühüm məsələlərdəndir.

İcra başçısı Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında" keçirilən müşavirədə verilən tapşırıqlardan da bəhs edib.

Məruzə ətrafında çıxış edənlər 2019-cu ildə görülən işlərdən danışıblar.

Tədbirin sonunda bədən tərbiyəsi və idman sahəsində fərqlənən məşqçi və idmançılara hədiyyələr təqdim edilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: