Xocalı qəhrəmanını öz şeirləri ilə xatırlayırıq

A- A A+

Bu günlərdə yaxın dostlarımdan biri – polis polkovnik-leytenantı Kamil Məmmədəliyev tələbəlik illərindən saxladığı iki şeiri mənə təqdim etdi. Onun söhbətindən öyrəndim ki, şeirlər Xocalı sakini, mərhum Natiq Quliyevə məxsusdur. Tələbə vaxtı Çobanoğlu təxəllüsü ilə şeirlər yazırmış. Ali məktəbin II kursunda təhsil alarkən Xocalıda baş verən hadisələr onu institutu yarımşıq qoyub əlinə silah götürməyə vadar edib, doğma yurda qayıdıb, Xocalının müdafiəsinə qalxıb. Yaxınları söhbət edirlər ki, ölümün gözünə dik baxan, Xocalı işğal edilənədək döyüşən, uşaq və qadınların doğma yurd yerindən sağ-salamat çıxarılmasında şücaət göstərən Natiq düşmənin qəfil gülləsindən qurtara bilməyib...

Natiq Çobanoğlunun iki şeiri qarşımdadır. İlk qələm təcrübəsi olduğundan müəyyən səhvlərdən uzaq deyil. Ancaq ümumilikdə həmin əlyazmalar, yaşasaydı- gələcəkdə istedadlı bir şairin yetişəcəyindən soraq verdiyi üçün onları “Nuhçıxan”ın hörmətli izləyicilərinə təqdim edirəm.

Muxtar Məmmədoğlu,
“Şərq qapısı” qəzetinin məsul katibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

Babəkin qolları kəsilən yola
Azəri balası, türk övladıyam,
Qorxutmaz dünyada duman, çən məni.
Babam Koroğlunun yadigarıyam,
Döndərməz düz yoldan hər tufan məni.

Cavanşir adından alaraq qüvvət,
Düşmən qarşısına çəkərəm bir sədd.
Haylasam səs verər Dəlidağ, Səhənd
Qoynunda gizlədər Savalan məni.

Basılmaz orduyam, alınmaz qala,
Düşməni salaram mən qalmaqala.
Babəkin qolları kəsilən yola
Atam, anam desin qoy qurban məni.

Natiq Çobanoğlu, bil, qana-qana,
Qarşında diz çöküb deyir: Ay ana,
Azəri elinə, Azərbaycana
Vurğun yaradıbdır bu cahan məni.

Ana
Həmişə birinci çəkilir adın,
Dilimin ən şirin sözüsən ana.
Təzəcə başlayan gənclik çağımın
İşıqlı yolları, izisən, ana.

Bənzəyirsən Günəşə sən, Aya sən,
Qocalırsan yavaş-yavaş deyəsən.
Qara saça dən tökürsən niyə sən?!
Bu cavan ömrümün gözüsən, ana.

Saf adın əzəldən Vətənə bağlı,
Sən verdin bizlərə Nəbitək oğlu.
Oduna qızınan bu Çobanoğlu
Deyir ki, hər zaman bizimsən, ana,
Dünyada ən şirin sözümsən, ana.


Natiq Çobanoğlu

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: