Xocalı soyqırımı insanlığa qarşı kütləvi terror hadisəsidir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə universitetin əsas korpusunda Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən, faciə qurbanlarının əziz xatirəsinə həsr edilmiş kitab sərgisi təşkil  edilib. Tələbə və müəllimlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tarixi faktlara söykənən Azərbaycan, türk, ingilis və rus dillərində  nəşr edilmiş kitablarla tanış olub, sərgiyə baxıblar.

İncəsənət fakültəsinin sərgi salonunda isə faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq 50-yə yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Universitetin Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin təşkil etdiyi sərgi hər bir tələbənin Xocalı soyqırımına olan münasibəti əks olunur . Universitetin rektoru Elbrus İsayev bu cür sərgilərin keçirilməsinin tarixi həqiqətlərin yaşadılması və gələcək nəsillərə çatdırılmasında xüsusi əhəmiyyətini qeyd edib və gənc rəssamlara uğurlar arzulayıb. 

Fakültənin Akt zalında davam edən tədbirdə  əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra  universitetin rektoru Elbrus İsayev 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı barədə geniş məlumat verib. Qeyd edilib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırım olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə belə  müsibətlər gətirilib. Vurğulanıb ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Rektor ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu istiqamətdə fəal olub millətin günahsız tökülən qanının yerdə qalmaması üçün bu soyqırımın dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.

Tələbələrin ifasında bədii qiraət səsləndirildikdən sonra Tələbə teatr studiyasının Xocalı soyqırımı ilə bağlı “Ərəfə” adlı kompozisiyası nümayiş olunub. Sonda tələbələr üçün faciənin dəhşətlərini özündə əks etdirən “Xoca” filmi təqdim edilib.     

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: