Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Tarixin bütün dövrlərində xalqımıza qarşı xəyanətkar mövqedə duran, fürsət düşən kimi öz məkrli niyyətlərini həyata keçirən ermənilər XX əsrin sonlarında öz mənfur simalarını bir daha büruzə verdilər”-deyən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirinin müavini general-mayor Hikmət Kərimov qeyd edib ki, insanlığa sığmayan bu amansız soyqırımı hadisəsi, ağır cinayət aktı nəticəsində 613 nəfər günahsız soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, əliyalın, köməksiz insanlar ağır yaralanıb, itkin düşüblər.
Vurğulanıb ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov “Xocalı soyqırımı: Heç nə unudulmur, heç nə yaddan çıxmır”, Aparatın baş zabiti daxili xidmət kapitanı Turan Şahhüseynov “Xocalı soyqırımının dünyaya tanıdılması” və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin zabiti kapitan Ramil Quliyev “Xocalı soyqırımı şahidlərin gözü ilə” mövzularında çıxış edərək ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım hadisələrindən danışıblar.
Sonda Xocalı faciəsi ilə bağlı videomateriala baxış olub.