Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edənlər Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Şərur rayon Məşğulluq Mərkəzinin direktoru Samir Qasımov proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.
Sonra aktivlər verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlardan Zeynəb Abdullayeva və Zəfər Qeybullayev göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.