Tələbələr təcrübədə olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin torpaqşünaslıq və aqrokimya ixtisasının 4-cü kurs tələbələri akademik Həsən Əliyev adına Araz Elm İstehsalat Birliyində istehsalat təcrübəsində olublar.
Birliyin aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında tələbələrə torpaqların tərkibində qida maddələrinin təyin olunması öyrədilib. Laboratoriyada torpağın mexaniki tərkibinin təyini, torpağın struktur tərkibinin, hiqroskopik nəmliyinin turşuluğun şoran, və şorakətliyinin, azotun, fosforun və kaliumun təyini üzrə analizlər aparılıb.
Tələbələr Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin toxumların analizinin aparılması laboratoriyasında da təcrübə keçiblər. Məlumat verilib ki, burada toxumun təmizlik faizinin təyini, cücərmə qabiliyyəti, təsərrüfat yararlılığı, səpin normasına uyğunluğu və digər keyfiyyətlər analiz olunur.
Həmçinin tələbələr toxum bankının fəaliyyəti ilə də tanış olublar. Bildirilib ki, toxum bankında Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitinə uyğunlaşmış 702 adda yerli toxum nümunələri toplanıb. Verilən bütün bu məlumatlar gələcəkdə tələbələrin yaxşı mütəxəssis olmalarına kömək göstərəcək.
Əbülfəz Dünyamalıyev