Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa: “Orfoqrafik bacarıqların formalaşdırılması və yazı işləri” - FOTOLAR
Naxçıvan Müəllimlər İnstitutunda “Orfoqrafik bacarıqların formalaşdırılması və yazı işləri” mövzusunda dəyirmi masa təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, dəyirmi masada institutun Dillər və ədəbiyyat kafedrasının professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir qrupu və tələbələr iştirak edib.
Tədbiri institutun rektoru Azad Novruzov açaraq keçirilən konfrans, seminar və dəyirmi masaların əhəmiyyətini diqqətə çatdırıb. “Müasir təhsilimizin qarşısında duran mühüm vəzifələrdən biri gələcək peşəsindən asılı olmayaraq dilimizdə düzgün danışmağı və gözəl yazmağı bacaran vətəndaşlar yetişdirməkdir” - deyən rektor şifahi və yazılı nitqin inkişaf etdirilməsində bütün ixtisas müəllimlərinin məsuliyyət daşıdığını, lakin ümumtəhsil məktəblərində bu işin məqsədyönlü təşkili birbaşa azərbaycan dili və ədəbiyyat müəllimlərinin üzərinə düşdüyünü bildirib.
Sonra “Orfoqrafik bacarıqların formalaşdırılmasında imla yazılarının rolu” mövzusunda Dillər və ədəbiyyat kafedrasının müdiri, professor Akif İmanlı, həmçinin həmin kafedranın professoru Sədaqət Həsənova və dosent Samirə Həsənovanın çıxışları dinlənilib. Çıxışların hər biri geniş diskussiya şəraitində müzakirə olunub.