DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır

A- A A+

Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidində məhdudiyyətlərin tətbiq olunması barədə yanlış məlumatlar yayılmaqdadır.

Dövlət Sərhəd Xidməti (DSX) bununla əlaqədar olaraq bildirir ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir.

DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fərdi və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edilməyib, dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.

Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlumat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhədindən buraxılış məntəqələrində tibbi profilaktik tədbirlər gücləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət orqanları arasında koronavirus xəstəliyinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək səviyyədə təşkil olunub.

Dövlət sərhədindən buraxılış məntəqələrində sanitar-karantin nəzarətinin gücləndirilməsi, koronavirus xəstəliyinə yoluxmalarına şübhələr yaranan şəxslərin aşkarlanması və tibbi təxliyəsi istiqamətində kompleks profilaktik tədbirlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunub. Ölkəyə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müasir tibbi texniki vasitələrdən istifadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr yaranan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət olduqda tibbi təxliyələri təşkil edilir.

Dövlət sərhədindən keçən şəxslərin koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində xidmət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: